26 Kasım 2009 Perşembe

26 noyabr...

Azeriblog işləmir yenə..açılmır...
Sıxılıram bu gün..deyəsən Depressiya xanım təşrif buyurub yenə, evin harasındasa gizlənib, ya da üstümə hopub artıq nəfəs kimi, bəlkə də ruhumu əvəz etdi, nəsə aydınlaşdıra bilmədiyim bir əhvaldı bu da...
Dünənki axşam Əsəd Nəsirlidən və Rəbiqədən aldığım mesajlarla başladı, Günəşin tamamən sönməsiylə bitdi..saata baxım, 3.48 idi Gecə başlayanda...

İndi qulaqcıqları taxıb da qədim Veda himnlərindən birini dinləyirəm...gözlərimi yumub özümdən 13-14 il əvvələ qayıdıram fikrimdə...o mrdanga ritmi, o fizqarmon çalğısı, o rahatlıq gətirən səs...zərif ayaqların her addımında, incə əllərin hər hərəkətində bir-birinə toxunub da cingildəyən qolbaqlar və ayaqbəndlər...qurbanlıq od, üzərinə səpilən düyü və buğda dənələri, çiçəklərdən hörülmüş girlyandalar, təbəssümlər, sevgilər, ömrün ən gözəl illəri...

Quruma ehtiyacım var indilərdə..illərin o tayında qalmış özümə də...məndən daha ağıllı və daha saf olan o qadın qırığına...

Heyf, Rəbiqə gələsi olmadı bu gün buralara..min dəfə heyf...

22 Kasım 2009 Pazar

Bu gün noyabrın 22-si artıq...

Hərdən-hərdən baş çəkirəm buradakı bloguma..bu mənim özümdən belə özümə daha vəfalı olan tanınmaz-bilinməz sakit məkanıma...
Darıxıram yaman..bayaq evdə hazırladığımız şərabın da dadına baxıb-baxıb başımı döndərəcək qədər içdim deyə indi gün ərzindəki yorğunluq və son iki həftənin depressiv əhvalı üstünə gəldib aldı da məni apardı...
Əslində qızlardan birinə zəng edib danışa da bilərəm..elə Rəbiqəyə məsələn...bilirəm ki, məndən az darıxmır bu anlarda, yanında nə qədər insan olsa belə darıxır...
Jalə daha praktikdir, ona mane olmaq da istəmirəm son vaxtlar..başına iş açıb da kitab və rəsm salonu deyə...))
Necə istərdim bircə günlük də olsa Bakıya getməyi, Allah!..
Necə istərdim dolaşmaq o küçələrdə sakitcə, təkcə, astaca...
Darıxıram...elə darıxıram ki...
Bir az əvvəl Mediaforumda Şahvələd Çobanoğlunun internet məkanında Yazar kəndi kimi bir layihəsi haqqında oxudum, keçib baxdım, pis deyildi, maraqlıydı hətta az da olsa...
Məsiağa müəllimin bloguna adlayıb ruhumu ağır-ağır yazılara söykəyib də dincələ bilərəm..amma hətta dincəlmək istəməyəcək dərəcədə yorğunam indi...
Sabah yeni dərs həftəsi başlayır...
Və əslində sabahdan intensiv yazmağa başlayacam..dayanmadan, bircə dəqiqəmi belə boş buraxmadan...
Bir də paralel olaraq yoqa meditasiyalarıma dönməliyəm..yoxsa tamam itirməkdəyəm ruhi müvazinətimi...
Yoruldum yazmamaqdan...
Darıxıram...elə bil Yer üzündə məndən başqa kimsə yoxdur, kimsə...

04 Ekim 2009 Pazar

Gələn dəfə yaşamaqçın

sol əlimin içində
ömür xətti
qırıq-qırıq,
haça-haça...
baş xəttinin sonundasa
ulduz yanır
tam
Saturn barmağının altındaca...

budur,
bu da ürək xətti-
iki yerə bölünmüş,
iki eşqin
biri Yerin,
biri isə Göyünmüş...

ah...
çeçələ barmağımı
büküncə də
bir dərin

iki zərif xətt görünür-
bir oğulun,
iki qızın işarəsi...

əl forması- fəlsəfi,
baş barmağım-
iradə və qürur rəmzi...

boşla görək zarafatı,
xürafatı,
Xiromant!..

mən
alnımda açılacaq
qırışları gözləyirəm-
o xətlərə
yeni tale yazacağam
gələn dəfə
yaşamaqçın...

Günəşin öpdüyü yerdən...

O uzaqdan görünən
dağlara gecə qar yağıb..
Mən
o maşın getməyən,
o mebeli olmayan
həsirli, gil daxmalarda
üşüm-üşüm üşüyən
insanlara borcluyam
bu günkü Günəş üçün...
O dağların üstündən
uzaqları öpüb Günəş...
Mən
o qara-göyümtül,
xoş ağrılı
ləkələr tək dolmuşam
bulud-bulud,
için-için...

Canımı
donummu sarır
dəlicə,
küləkmi..
boynumda
dənizinmi nəfəsi
gəzir beləcə...
oxşayır
Günəşin öpdüyü yerdən...

Burda
Sahil boyunca
qağayılar rəqs edir
dalğaların ritminə...
Mən
hələ də
saçlarımla uçduğum günlərçin
darıxıram...

Gedə bilərsən, ruhum...
səni
azad
buraxıram...

01 Ekim 2009 Perşembe

Dodaqlarda gizlədilmiş təbəssümlər üçün...

İşdən çıxandan sonra qapısını öz açarıyla açanlarla səhər açılarkən aynadakı əksinə gülümsəyənlərin fərqi varmı...
bilmirəm...
Gecənin bir aləmində romanımla baş-başa dayandım azca, hələ kimsənin içində olmadığı, pəncərəsindən boylanmadığı bu qapalı məkanın  labirintində dolaşdıqca işdən çıxıb qapısını öz açarıyla açanların, səhər açılarkən aynadakı əksinə gülümsəyənlərin halını yaşadım...
Nə üçünsə yolunu azıb yuxuma gələn cavan "inqilabçı"lardan birinin adını-soyadını yazıb axtarışa verincə də maraqlı bir nüansla üz-üzə dayanmış oldum.Bu cavanın şeirlər də yazdığını düşünməmişdim heç...buna da bir təbəssüm etdim...
İnqilab demişkən, bu səhər facebookda bir qrupa dəvət aldım.
Qəbul etdim bu dəvəti...
Və indi artıq mən də burdayam...
Bakı Metropoliteninin Qiymətləri Qaldırmasına Etiraz Kampaniyası
Bundan sonra hansı minillikdə, hansı dərənin hansı düzənliyindən hansı metro stansiyasından istifadə edəcəyimi belə bilmədən, düşünmədən qatıldığım bu "savab" işə görə Tanrımla da bir üz-üzə dayanıb bircə damcı şıltaqlıqla gülümsəməyə dəyər sanıram...
Günəş görünmür nəsə..üşüyürəm...
Lənkəranın xanımları hələ də payız mövsümü üçün normal olan geyimlərə keçməyiblər...palazlarına bürünüb də bircə saat sonra qatılacağım valideyn iclasına gedərkən və evə qayıdarkən də üşüyəcəm...
Yeri gəlmişkən,bu gün Ümumdünya Təbəssüm Günüdür...
9-10 yaşlarında, mənim Nəzrinkamın əkiz tayı kimi ona bənzəyən balaca bir qızcığazın məktəb tədbirlərində ifa etdiyi "Ulıbka" mahnısını, bu mahnıya görə onu hər dəfə bağrına basıb " tı moya Ulıbka" deyərək öpəndə nə üçünsə gözləri dolan gənc rus dili müəlliməsini - Sevinc Cəfərova adlı gözəl xanımı xatırlamaya bilmirəm...bu gün ona zəng eləyib gülümsəməsinə səbəb olacağam...
Gülümsəməyə o qədər səbəb var ki dörd bir yanımızda..təbəssüm etməyə o qədər insan var ki...

30 Eylül 2009 Çarşamba

Sənin olmaq

Səndən mənə nə az, nə çox,
Yüz iyirmi dörd min dəfə xəbər gəlib,
İnan, bundan bir fayda yox,
Yüz iyirmi dörd min xəbər hədər gəlib...
Yüz iyirmi dörd min rəngdə
Yollar durub gözlərimin önündəcə,
Hər ləhcədə, hər ahəngdə
Dualar var sözlərimin önündəcə,
İblis gəlir, Mələk gəlir
Sənə olan Tək Eşqimi almaq üçün,
Hərə bir cür kələk gəlir
Mənim üçün sadəcə Sən olmaq üçün...
Mən ruhumu gizləmişəm,
Yüz iyirmi dörd min alov yandırmasın,
Mən Tək Səni gözləmişəm,
Bu səbrimi heç bir qüvvə sındırmasın...
Nə imanım, nə dinim yox,
Belə qalmaq istəyirəm, Tanrım mənim,
Yüz iyirmi dörd minin yox,
Sənin olmaq istəyirəm, Tanrım mənim...

17 Ağustos 2009 Pazartesi

Minnacik kadin…

O minnacık bir kadındı,
Seven bir Deve aldandı,
Devin hayali büyük bir ummandı,
Sahilinde dağ başlayan,
Kayalı,
Taşlı,
Mavi gözlü bir umman…

Bir kadın gibi seviyordu kadın,
Ve ayakları öyle küçük addımlar için hazırlanmıştı ki kadının,
Uçamazdı martılar gibi,
Keçemezdi ummanı.
Sahilnde dağ başlayan,
Kayalı,
Taşlı,
Mavi gözlü ummanı…

O minnacık bir kadındı,
Seven bir Deve aldandı,
Büyüktü, çok büyüktü Dev,
Sanki dünyaya yüktü Dev,
Yürüyemedi kadının küçük yolunda,
Ve elveda! Deyip minnacık kadına
Girdi zengin bir deniz kızının kolunda
Sahilinde dağ başlayan,
Kayalı,
Taşlı,
Mavi gözlü ummana…

Şimdi anlıyor ki minnacık kadın
Kadın gibi sevgilere mezar olurmuş
Sahilinde dağ başlayan,
Kayalı,
Taşlı,
Mavi gözlü umman…

01 Ağustos 2009 Cumartesi

Apsara

Sərdar

Onlar dörd nəfər idilər.
İki qız və iki oğlan.
Mən yalnız birini tanıyırdım – Cəmili.
Elə dəhlizdəcə yoldaşlarını mənə təqdim etdi:
- Marina, Vüsal, Marinanın əri..bu da Leyla.
- Çox şadam. Xoş gəldiniz, uşaqlar. Mən də Sərdar.
- Sərdar Əzimov, tanınmış rəssam, - Cəmil əlavə etdi.
- Xoş gördük, - Vüsal dedi.
Qızlar yalnız gülümsədilər…

Leyla

O, ortaboylu, boğuqrəngli, bədbinsimalı birisi idi.
40-45 yaşlarında olardı.
Təbəssümü adamın ürəyini sıxan nadir insanlardan idi.
Mənsə dərin baxışları olan, ucaboylu, uzunsaç, barmaqlarının arasından siqaret düşməyən, qaşları daim çatılmış, hər an düşüncəli bir rəssam görəcəyimi düşünmüşdüm.
Amma…
Marina qolumdan çəkdi:
Gəl tablolara baxaq…

Marina

Tabloların hamısı yağlı boya ilə işlənmişdi.
Heç birinə uzun-uzadı baxmaq olmurdu. Adamın gözlərini yorub aparırdı rənglər.
Leyla təklif etdi ki, əsərlərə uzaqdan baxaq, çünki yaxından heç nə anlaşılmır…
O, haqlıydı..bir neçə addım geriyə çəkilib baxdığım zaman portretlərdəki obrazların nəinki cizgilərini, ruhunu belə görmək oldu.
Mən çox istərdim ki, o, məni seçsin, məni çəkmək istəsin.
Cəmil deyəndə ki, Sərdar “Səma rəqqasəsi” adlı bir tablo yaratmaq istəyir, ikimizdən birini seçə bilər və buna görə xeyli pul da təklif edir, uçmağa qanadım olmadı. Amma mən ərdə olduğuma görə olsun ki, rəssamın istədiyi qədər vaxt ayıra bilməyim, həm də Vüsal çox qısqancdır, mən əslində onu aldatmalı oldum ki, bura yalnız Leylayla Cəmilə görə gəlmək istəmişəm, bu dünya şöhrətli rəssamı da öz emalatxanasında görmək, əsərlərinin yaranma prosesini azacıq da olsa müşahidə etmək fürsətidir bu.
Amma tablolara baxdıqca uçunuram...məni bəyəndiyini bilsəm, Vüsalı aldatmaq bahasına da olsa gizlicə gəlib poza verəcəyəm...


Leyla


Mən ilk dəfəydi əsl rəssamı və əsl rəsm əsərlərini bu qədər yaxından görürdüm.
Tablolarda ən müxtəlif qadınlar təsvir olunsa da hamısı Sərdarın özünə oxşayırdı...yoox, daha doğrusu, Sərdarın təbəssümünə...
Adamın ürəyini sıxan bir təbəssüm vardı rəsmlərdəki qadınların üzündə.
Hamısı sarışındı, hamısının sinəsi və ayaqları açıqdı, hamısının döşləri nar şəkilndə təsvir olunmuşdu...
Su pəriləri, mələklər, süpürgəylə uçan gözəl ifritələr, kabuslar...sanki Yer üzündəki qadınları sevmir müəllif, onları mütləq xəyalındakı başqa aləmlərdəki varlıqlara bənzədir...
- Burdakı qızların hamısı sarışın olub, - deyir Marina.
- Hə..fikir verdim.
- Sən onun yeganə qarayanız əsəri olacaqsan.
- Görək...bəlkə də səni seçəcək, bilmək olmaz.
- İstərdim...- Marina köksünü ötürür. Hiss edirəm ki, seçilməyəcəyi təqdirdə evə gedib düz üç gün, üç gecə ağlamağa, huşunu itirəcək qədər içməyə hazırdır daxilən...


Cəmil


Biz dördümüz də uşaq evində böyümüşük..nə valideynlərimizin kim olduğunu bilirik, nə yurdumuzun hara...
Uşaqlıqdan birgəyik, dostuq.
Amma Vüsal qaraqabaqdır bizə nisbətən və Marinanı dəlicəsinə qısqanır. Hər kəsə, hər şeyə.
Onlar gecə barlarında cütlük kimi rəqs edib pul qazanırlar əsasən. Düzdür, Marinanın tək ifaları da var və Leylanın dediklərinə inansam, ona dəfələrlə Vüsalı tərk edib tək çalışacağı təqdirdə ev, maşın, pul və daha nələr, nələr vəd ediblər.
Osa razı olmayıb.
Sevir Vüsalı...

Vüsal

Nə qədər axmaq olmaq lazımdır ki, qadınının başqa bir kişiyə ürəyində gizlicə belə gülümsədiyini hiss etməyəsən...
Marinanın ürəyi götürülüb, əminəm.
Bu qaramat rəssam Leylanı deyil, onu seçsə neyləyəcəyimi bilmirəm.
Cəmilə də, onun bu rəssam dostuna da etiraz etmək asandır, amma Marinanın istəyini zorlamalı olacağam deyə öz gözümdə sına bilərəm.
Axı nə fərqi o, Marinanı çəkdi ya yox, əsas odur ki, Marina onun naturaçısı olmağa hazırdır. Bütün bu rəsmlərdəki sinəsi və ayaqları açıq sarışın qızlar kimi...
Buna razı olmasını Marinaya bağışlaya bilməyəcəyəm...
Həm də mənim könüllü dəstəyə yazıldığım və hər an döyüşə gedə biləcəyim bir vaxtda...

Sərdar

Qızlar dəhliz boyu düzdüyüm tablolara baxırdılar, mən də onlara.
Vüsal siqaret çəkmək üçün eyvana çıxdı.
Cəmildən soruşdum:
- Səncə hansını çəksəm daha effektli alınar?
- Leylanı əlbəttə.
- Leylanı?
- Aha. Necə bəyəm, səni cəlb eləmir?
- Yox, niyə ki..əksinə, çox gözəl qızdır. Amma mən heç vaxt azərbaycanlı qızı çəkməmişəm. Əsasən ruslar olub naturaçılarım. Sırf tipaj nöqteyi-nəzərindən asan olmayacaq mənə.
- Amma sən apsara çəkmək istəyirsən.
- Hə...
- Apsaralar sarışın olmaz axı...

Leyla

Cəmil bu rəssam haqqında o qədər danışmışdı ki, sanki bir aydı bizimlə birgə yaşayır, yatır, yeyir, çimir, gəzirdi.
- O, apsara çəkmək istəyir. Səma rəqqasəsi. Sənsə əsl apsarasan ki varsan. Geyimini, makiyajını düzəldərik, super alınacaq. Zarafat deyil, bir ətək pul verəcək həm də. Bilirəm ki ehtiyacın var..
- Hə, amma sən də yanımda ol, yaxşı?
- Qorxursan? – Ay səni, - Cəmil gülüb saçlarımı qarışdırmışdı.
- Yo, nədən qorxacam? Hannibal deyil ümid edirəm. Qalanı boş şeydi.
- Ooo! – cəmil gülmüşdü yenə.
- Gülmə! Nəyə gülürsən ki? Ağlına nələr gətirdin, hə? De. De də...
- Yoox, Allah xatirinə, heç nə, vallah heç nə... – elə pis gülürdü ki...

Sərdar

Elə naturaçım olmayıb ki, onunla yatmayım.
Məncə bu, təbiidir. Bunu mənimlə işləyən qızlar da çox gözəl anlayırlar. Axı günlər boyunca saatlarla çılpaq qadın bədəninə baxmalı, bütün cizgilərini kətana köçürməli oluram. Kipriklərimizi qırpmağa, nəfəsimizi alıb-verməyə belə cürət etmirik. Belə gərginlikdə yalnız ürəyinin çırpıntılarını dinləməli olursan və bu çırpıntılar, bu daxili gərginlik, bu energetik vibrasiya yataqda çırpınmalarla bitməyə məhkumdur...
Mən içində olmayacağım qadını çəkə bilmirəm..bu, faktdır...
Amma əvvəlcədən yatdığım qadını da çəkə bilmirəm...
- Onun oğlanı var? – Cəmildən soruşuram.
- Hüzurunda, - gülərək deyir.
Hiss edirəm ki, gələcək əsərimi onun indiki sahibinə qısqanmağa başlayıram...

Leyla

Cəmillə çoxdan dostuq.
Sevgidə sabit adam deyil.
Elə mən də.
Sevgililərimizi əlcək kimi dəyişsək də, dostluqda tayımız-bərabərimiz yoxdur.
Hərdən kimisə tərk edəndə, kimsə bizi tərk edəndə görüşüb o ki var içirik, dərdləşirik, ağlayırıq və səhəri bir yataqda açdığımızı görüb yastıqları bir-birimizin başına çırparaq dalaşırıq.
Bu, hər dəfə belə olur.
Nə seksimiz xatırlayırıq, nə söhbətlərimizi. Döşəkağındakı nəm ləkələr, boyun-boğazımızdakı öpüş və diş yerləri olmasa bakirə mələklər kimi məsumca gülümsəyə də bilərik bir-birimizə.
Tamamilə çılpaq olsaq belə...

Sərdar

Vüsal arvadını bir dəqiqə belə tək buraxmır. Onlar indi mətbəxdə yemək hazırlayırlar. Mənim bir bütöv qara çörəyim və alma cemim var. Çörək dilimlərinə cem sürtüb çayla içə bilərdik, amma uşaqlar gətirdikləri balıq konservlərini qazana yığıb üzərinə qaynamış kartoflar düzərək dəmə qoyublar. Neynək, çoxdan unutduğum kələm şorabasını şkafın küncündən çıxarmalı olacağam...Cəmilin gətirdiyi konyakı da nəzərə alsaq, əsl nahar gözləyir bizi demək...
- Mən sənə demişdim axı seçdiyimiz geyim və bəzəklərdə nəsə də çatmır elə bil..bax, burun sırğası yoxdur, Leyla burnunu deşdirməli olacaq, necə unuda bilərdim bunu mən, axxx...
Cəmil otaqda var-gəl edə-edə deyinir..
O, əmindir ki, mənim xəyalımdakı apsarını məndən daha yaxşı görə bilir...
Leylanın Marindan daha çox apsaraya bənzəməsindən əmin olduğu kimi...
- Mən klassik hind rəqslərini ifa edə bilirəm, lazım olsa Leylaya kömək edərəm pozalarda, - Marina mətbəxdən boylanıb deyir.
- Ooo, biz görə bilərik rəqsi? – soruşuram.
Mən əminəm ki, Marina Leylaya kömək etmək istəyini deyil, özünü təklif edir.
Çünki o, mənimlə danışanda düz gözlərimin içinə baxır.
Qadınlar belədirlər.
Onlara üz cizgilərimizdən, bədən əzalarımızdan daha maraqlıdır gözlərimiz...sanki gözlərimizin dərinliyində bizim özümüzün də bilmədiyimiz nəsə var və onlar o nəsəni mütləq tapıb görürlər, hiss edirlər, bizi deyil, məhz gözlərimizdin dərinliyindəki nəsəni seçib-seçməyəcəklərinə qərar verirlər...
Mənim bir naturaçım vardı, Maya. O, deyərdi ki, hər bir qadın hər hansı bir kişinin gözlərindən onun potensiyasının dərəcəsini hər hansı bir uroloqdan daha dəqiq bilməyə qadirdir. Bu, təbii bir dişi instinktidir. Qadın, kişinin gözlərində onun erkəkliyinin gücünü mütləq görür, mütləq...
Və indi Marina mənim gah bu, gah o biri gözümə diqqət kəsildikcə Mayanı, mənim Nar bağımın əsrarəngiz kraliçasını xatırlamaya bilmədim.
Maya dahi idi...
Hərçənd ki, mənim ağıllı qadınlardan zəhləm gedir və ağıllı qadınla nə yata bilərəm, nə də rəsmini çəkərəm...
Maya ağıllı deyildi, amma dahi idi...
İndi onun haralarda olduğunu belə bilmirəm. Müharibə başlayandan sonra o da başqa ermənilər kimi Bakını tərk elədi. Sağdırmı indi, ölübmü, heç bir məlumatım yoxdur.
Darıxdım...
- Əlbəttə, - Marinaın səsi hardansa uzaqlardan gəldi, - düzdür, cins şalvarda və pambıq köynəkdə lazımi effekt alınmayacaq, amma cəhd edərəm, - o, ölməyə hazırdır, təki rəqsini görüm və bəyənim.
- Sən etiraz etmirsən yəqin, - heç bilmirəm niyə dönüb Vüsaldan soruşuram.
- Yox, narahat olmayın, bu, onun sənətidir, - deyir və siqaret çəkmək üçün eyvana keçir.
O, arvadını it kimi qısqanır...
Görəsən Leyla rəqs edə bilirmi?..

Leyla

Mən yalnız xoşladığım musiqinin ritminə uyğun tərpənə və əl-qol ata bilərəm. Rəqs etməyi öyrənmək heç vaxt ağlıma da gəlməyib.
Cəmil deyir əsl qadın heç bir rəqsi bilməsə belə oriyentalı mütləq bacarmalıdır. Bu, əslində bir qadının yataqda etməli olduğu bədən hərəkətləridir, məhz buna görə də cəlbedicidir, hamı pisləsə belə heç kim rədd etmir bu rəqsi..ən qatı mühafizəkarlar da oriyental rəqsə laqeyd qala bilmirlər...
Leyla çox gözəl oynayır. Barda onun başına pul səpirlər, ayaqları altına güllər atırlar, alqışlar, təbəssümlər...
Amma o, oriyentalı ifa edə bilmir..nəsə alınmır onda. Süni çıxır, sırf texnika hiss olunur, sanki bədəni ayrılır ruhundan bu rəqsə növbə çatınca...
Cəmil deyir frigiddir Marina çox yəqin ki...

Vüsal

Mən Cəmili başa sala bilmirəm ki, səfərbərliyi və çağırış vərəqəsini gözləmək mənasızdır, əsl kişi könüllü getməlidir döyüşə, daha bizim kimi bu şəhərin küçələrində qızlarını qoltuğuna salıb saqqız çeynəyə-çeynəyə gəzməməlidir.
Hər gün adamlar ölür oralarda, əsir düşürlər, yaralanırlar...mənsə eşşək kimi bu sarsaq rəssamın qabağında gözümü döyürəm ki, arvadımı soyundurub rəsmini çəkmək istəyəcək ya yox...Hələ Marinanın həvəslə oynamasına da tab gətirirəm.
Əslində hər şeyə tüpürmək istəyirəm az qala.
Bir-iki günə çıxıb gedəcəyəm, onu tapşırıb yanında qoymağa heç kəsim yoxdur.
Çağırış vərəqəsi gələn kimi cəmil də gedəcək müharibəyə.
Leyla ilin bu başında bir oğlanla görüşür, o başında başqa.
Cəmil olmasa fahişəxanaya düşməyi çox çəkməyəcək.
Bəs Marina?
Dəli oluram...


Sərdar


Yox, Marina mənlik deyilmiş.
Rəqsini duymadım, ruhunu görə bilmədim.
Mənə xoş gəlmək xatirinə daha da gərginləşmişdi bədəni, hərəkətləri qırılırdı sanki, ahəngi pozulurdu nəyinsə...
Nəyin amma...
Leyla yerində dayanıb rəqsə baxır.
Sadəcə baxırmı?
Yoox...
Bu qız əməlli-başlı rəqs edir öz içində. Nə qədər gizləsə belə bunu duymaya bilmirəm.
Öz içində rəqs edən qadın!..
Ruhu səmalarda süzən bədən...
Apsara...

Cəmil

Hə, düşündüyüm kimi oldu.
Sərdar Leylanı seçdi səma rəqqasəsi obrazı üçün.
Vüsalın eyni açılıb, amma iki dəqiqədən bir eyvana çıxıb siqareti siqaretə calayır.
Könüllü yazıldığı batalyon iki gündən sonra döyüşə yollanacaq.
Bəlkə mən də onunla gedim?!
Bəs Leyla?
Marina uzaqbaşı barlarda rəqslərinə davam edəcək, biz cəbhədən sağ qayıtmasaq belə kimsə saxlayacaq onu mütləq, it-bat olmaz, praktik qızdır .
Leyladan nigaran qalacağam...
Sərdarın verəcəyi pul nə qədər tutacaq onu...bilinmir...

Leyla

Sevincimdən uçuram.
Amma sabah tək gəlməliyəm emalatxanaya və özümdən ağır rəqqasə bər-bəzəyini üstümə yığıb poza verməliyəm...
Sərdar məni o tərəfə-bu tərəfə fırladıb üzümün, bədənimin bütün nöqtələrinə diqqətlə baxır, öyrənir... Gah saçlarımı açır, gah yığır, gah şlyapada, gah yaylıqda yoxlayır...hər an daha çox parıldayır gözləri, daha çox yaxınlaşır nəfəsi...
Artıq onun təbəssümü ürəyimi sıxmır...
Artıq mən də ona təbəssüm edirəm...
Hər dəfə daha çox...
Bəlkə yenə vuruluram?!.
Mənə nə olur?


Sərdar


Mənə nə olur?
Bəlkə yenə vuruluram?
Son dəfə Anyaya vurulmuşdum belə.
Elə ilk baxışdanca dəli-divanə olmuşdum ondan ötrü.
O, Mayanı mənə unutduran qadın idi.
O qədər zərif idi ki...
Mənim gözəl Nefertitim..
Anya mənim Nefertitim olmuşdu. Sinəsi açıq, döşləri nar kimi olan Nefertitim...
Sərgiyə buraxmasalar belə çox baha qiymətə bir amerikalıya satdım onu.
Anyanı yoox, o da köçdü buralardan, indi Kalininqradda yaşayır, zəng edir hərdən...
Əsərimi satdım.
“Nefertitinin büstü” nü...

Leyla

Bir saat olar ki tam çılpaq dayanmışam və o mənə baxır...
Heç nə çəkmir.
Sadəcə baxır.
Susur.
Mən də.
Köhnə patefondan hind ya da yapon (ayırmağa çətinlik çəkdim, qəribədir) musiqisi eşidilir.
İçimdə indiyədək duymadığım, nə olmasını belə anlamadığım hisslər var...
Sanki od sarıb məni.
Əminəm ki, o, baxışlarını üstümdən çəkən kimi sönəcək hər şey..donacaq bəlkə...çünki onun gözlərindən axır bu isti...
Dodağımı dişləmişəm deyəsən...ağrıdır...
Mən onu istəyirəm...


Sərdar


O, məni istəyir...
Mən də...
Amma onunla indi yatsam, sonra çəkə bilməyəcəm, bilirəm...
Mən onları həmişə öncə kətana köçürüb sonra yatağıma aparmışam...
O yenə rəqs edir öz içində...
Mən gözlərimi ondan çəkə bilmirəm...bu rəqsin bitməsini istəmirəm...istəmirəm...istəmirəm...

Leyla

Mən onu istəyirəm...

Sərdar


Mən onu istəyirəm...

Cəmil

Hər şey hazırdır.
Mən nəhayət ki qərarımı verdim, könüllü batalyona yazıldım və sabah Vüsalla birgə cəbhəyə yollanacağam.
Leyla zəhləmi töküb.
Dünəndən ağlayır.
Sərdar onun rəsmini çəkməkdən imtina edib.
Cəhənnəmə!..
Uzağı Marinanın işlədiyi barlarda sənə də bir iş tapılacaq deyirəm, qab yuyarsan hələlik, ofisiant işləyərsən..gözəl qızsan, acından ölməzsən deyirəm...
Kimə deyirsən?
Ağlayır...
O, hər dəfə eşşək kimi vurulub sonra atılanda belə olur, indi isə mənim bildiyim qədərilə heç kimi yox idi..nədən belə ağlasın axı...
Gedib araq tapıram, kolbasa-çörək, iki xiyar...bəsimizdir...
Onu qucaqlayıb masaya çəkirəm, başını sinəmə sıxa-sıxa ağlayır, içir, yeyir, yenə ağlayır...mən onu ovundurmağa çalışıram, içək deyirəm, unudaq zəhrimar həyatımızı..sabah gedirəm, bəlkə də öləcəm döyüşdə, görməyəssən bir də məni, yekə qızsan deyirəm, belə olmaz...sabah mən olmasam kimə yapışacaqsan, kim sakitləşdirəcək səni, hə? Gəl, gəl soyun deyirəm, yataq deyirəm, yapış mənə deyirəm, cəhənnəm olsun hamı, hamı, hamı...........

Vüsal

Biz qızları son dəfə bağrımıza basıb gözlərindəki duzlu suları yaladıq və “İkarus”a mindik...
Marina Leylanı qucaqlamışdı.
Leylaya nə olub, bilmirəm.
Heç kəsə heç nə demir.
Axşam Cəmil onunla qalmağa məcbur olub, çox pis imiş, elə ağlayırmış...
- Sərdar onu çəkməyib, - deyir Cəmil.
- Pah! Sərdara görə ağlayırmış? Odey, emalatxanasına od vurub dünən..nəyi varsa yandırıb kül eləyib. Axmağın biri axmaq!.
- Nə danışırsan!..
- Xəbərin yoxdu? Mənzilə od vurub özünü də səkkizinci mərtəbədən buraxıb aşağı...
- Ölüüb?
- Ölüb...
- Yazıq...
- Nəyi yazıqdı? Ölüb dəə..ölənlərindən artıq idi? Budey, biz indi öz ayağımızla gəlib davaya gedirik...ölməyi gözünə almamısan..?
- Axı o niyə belə eləyib?
- Nə bilim...eləyib də...ağlın çoxluğundan...

Marina

Leyla dəli olmuşdu deyəsən.
Oğlanlar gedəndən sonra bircə dəfə belə gülümsəmədi. Elə ağlayırdı...
Dünən eşitdim ki, könüllü batalyona yazılıb o da...axmaq...
Mən onun cəmili sevdiyini bilmirdim...

Leyla

Mən onu istəyirdim...
Qarşısını heç nə ala bilmədi bu istəyin...
Gözlərimi yumunca özümü onun qollarında hiss elədim...
Səhər açılanda o, mənə rəsm üçün vəd elədiyi pulu masanın üzərinə qoydu.
- Götür get, - dedi sakitcə.
- Gedim? Bəs rəsm? Bu gün çəkməyəcəksən?
- Heç vaxt çəkməyəcəm. Hər şey məhv oldu. Başa düşməzsən bunu..rəssam deyilsən sən, yaradıcı adam deyilsən, bunu sənə izah belə edə bilmərəm.
- Axı niyə? Nə var axı burda? Mən sakitcə dayanacam və mane olmayacam sənə.
- Sən niyə başa düşmürsən...Apsaranı çəkə bilməyəcəm mən daha..Məhv oldu ürəyimdəki obraz...düz on ildir çəkmək istəyirdim onu, düz on il...heç kimdə görmürdüm amma...
- Axı məni seçmişdin...
- Amma səninlə yatdım...mən öz Apsarama xəyanət elədim səninlə...hansısa qarayanız bir qızcığazla...
- Nə danışırsan sən...
- Get burdan! Geet! Get deyirəm sənə! Götür bu pulları da rədd ol burdan!
- Pulları? Niyə? Mən gedirəm..qışqırma, əsəbləşmə..amma pulları götürə bilmərəm...görmədiyim işin haqqını ala bilmərəm...
- Gördüyün işin haqqıdır bu...narahat olma...

Cəmil

Vüsalı itirdim.
Mərmi partlayışından sonra parça-parça olmuş bədənlərin arasında onu tapa bilmədim...heç kimi tanımaq olmurdu...
Özüm də yaralanmışam..səhər ayaqlarımı kəsəcəklər...
Ağrılara tab gətirə bilmirəm...
Görəsən indi Bakıda adamlar neynirlər?
Marina bu gecə də rəqs edirmi?
Leyla yenə ağlayırmı?
Həyatımda ilk dəfədir ki, yaşamaq istəyirəm...
Qəribə hissdir...

Leyla

Mən döyüşə niyə gedirəm görəsən?
Niyə?
Bakıda qalıb Marinanın rəqs etdiyi barların birində qab yuya bilərdim, lap elə ofisiant işləyərdim...gözəl, cavan qızam...nolacaqdı ki mənə...ac qalmazdım...Müharibə bitəndən sonra bəlkə oxuyardım da, yaxşı bir iş tapa bilərdim bəlkə..sonra ailə qurardım kiminləsə...o qədər yaxşı adamlar var ki...
Amma...
Bunların heç birini istəmirəm...
Həyatımda ilk dəfədir ki, ölmək istəyirəm...
Qəribə hissdir...

20 Aralık 2008 Cumartesi

AXI MƏN SƏNİ SEVİRƏM

…Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı…
Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən…
Qadınlar heç vaxt öz qanadlarını görə bilmirlər…
Kişilər heç vaxt öz qandallarını görmək istəmirlər…Qadınların hər zaman kişilərə yazığı gəlir. Qadallarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
Kişilərin hər zaman qadınlara acığı tutur. Qanadlarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…

***

Əslində hər bir kişi özünə qadın axtaranda ilk-əvvəl öz ruhunun, mahiyyətinin çəkisini ölçüb dəqiqləşdirir, rastlaşdığı qadınların qanad ölçülərinə, uçma sürətinə, neçə kişi gücündə olmasına diqqət yetirərək seçimini edir. Sonra bu qanadları əzizləyir, o yan-bu yanına keçib də ağzından dürr kəlmələr səpir, bu qadının dünyanın bütün qadınlarından daha gərəkli olduğunu deyərək də tam ruhuyla hoppanıb belinə minir. O anlarda uçub-uçub həyatındakı (sən belə düşünürsən, çünki sənin həyatın sənin yüklənmiş belinlə eyni bir şeydir) kişini ucalıqlara, dağ başlarına, mələk fəzalarına aparmaq istəyirsən.
Əslində bunu istəyən kişidir, sən yox. O , sadəcə bunu sənin də istədiyini sənə yaxşıca təlqin edə bilib, vəssalam…

***

Sən uçursan.
O, bir az da yüksəyə qalxmanı istəyir.
Sən yorulursan.
O isə sənin dincəlmək ehtiyacın haqqında düşünmək belə istəmir, səni dilə tutur, sənə yalvarır, sən isə qadınsan, kişi yalvarışlarından ürəyin yuxa olur, yorulmuş qanadlarını çırpa-çırpa bir az da yuxarı qalxırsan.
Mələk fəzalarına çatanda onun son dərəcə xoşbəxt, özünün son dərəcə yorğun olduğunu anlasan da öz yorğunluğunu onun xoşbəxtliyinə qurban verib susursan…
O isə təəccübdən və bu qadına heyranlıqdan gözləri bərəlmiş mələklərə meydan oxuyur, onu bu qədər yüksəldən qadının boynunu qucaqlayıb pıçıldayır:
- Məni daha yüksəyə qaldır… mələklər arxada qalsın…
- Daha yüksəkdə Tanrıdır. Onun məqamına qaldıra bilmərəm səni.
- Sən bunu eləməlisən, axı sən məni sevirsən?!
- Mənim qanadlarım yorulub. Mən Tanrının yanına qaldıra bilmərəm səni…
- Sən bunu eləməlisən…- pıçıltılar qulağından girib beynini dumanlandırır.
- Mən bunu eləməliyəm…- sən də pıçıldayırsan.
-Axı sən məni sevirsən…- daha bir duman gözlərini örtür.
- Axı mən səni sevirəm…- pıçıldayırsan.
Amma yorğunsan, qanadların sözünə baxmır, hər an yerlərə çırpıla bilərsən.
İndi sən yalvarırsan:
- Gəl düşək aşağı, mən daha uça bilmirəm.
- Yox! Olmaz! – qəti cavab gəlir.
- Mən dincəlməliyəm. Sonra, dincimi alandan sonra bir də uçarıq.
- Bir az qalıb, bir-iki qanad da uçsan, məni Tanrının yanına qaldırmış olarsan.
- Bu yolda od var, mən yana bilərəm, - ağlayırsan.
- Mənə dəxli yoxdur!- qışqırır başına.
- Axı mən yansam, sən özün də yıxılarsan?! – son bir ümidlə xəbərdarlıq edirsən ona.
- Yoox! Öncə mən səni öldürərəm! – bayaqdan boynunu qucaqlamış qollar aralanır, bayaqdan köksünü sığallayan əllər boğazına pərçim olub səni boğur, boğur, boğur…
- Uç, məni qaldır, bir az da, bir az da…

Tanrı qəzəbi od kimi qarsır qanadlarını, artıq heç nəyin fərqinə varmadan aşağı, yerlərə, alçaqlıqlara yuvarlanırsan. Belindəki yükün ağırlığı altında, qanadlarının yanmaqda, məhv olmaqda olan azadlığının ağrılarıyla, boynuna sancılan kişi caynaqlarından köksünə axan qanın ürəyindəki bütün sevgiləri yuyub aparması dəhşətiylə daşlara çırpılırsan…

Artıq yarımcansan, ölürsən, nəfəsin belə kəsilməkdədir…
Belində olduğundan, sən daşlara çırpılanda belə əzilməyən kişi ruhu bütün qəzəbiylə ayağa qalxıb səni təpikləyir, yorulmuş, yanmış qanadlarını qırıb tökür…
Son nəfəsində:
- Axı mən səni sevirəm…- onun sənə öyrətdiyi yeganı duanı pıçıldayırsan.
- Toyuq ağıllı! – deyib sənə tüpürür və… gedir…

ZAZUNUN ANASI

Biz təzə evə köçəndə ilk qarşımıza çıxan o oldu. Gözləri qaynayan, əndamı oynayan birisi idi. Mənə “xoş gəlmisiz” desə də gözləri yoldaşımın ora-burasını ölçməklə məşğul idi.
Sonralar onu hər gün görməyə və eşitməyə məcbur olduq.
Hər səhər saat 5-6 arası onun beş yaşlı oğlu əlində batareyalı əcaib siqnal səsləri çıxaran oyuncaq maşın rulu , binanın və ətrafdakı həyət evlərinin sakinlərini oyadırdı. Demək, bir məhəllə yuxarıda, şəhərin Kiçik Bazar məhəlləsinin başlanğıcındakı məscidin günbəzindən İran azançısının fanoqramı verildimi, bu uşaq da əlində həmin rul, dörd mərtəbə düşüb həyətdə binanın ətrafına dövrə vurar, siqnal verə -verə özü də maşın səsi çıxarar, sonra isə həyətdəki su quyusunun yanında oturub ucadan muğamat oxumağa başlayardı.
Hə, vallah, əməlli-başlı “aman, aman, yaaar, aman” deyə fəğan edərdi uşaq. Elə də gözəl səsi vardı ki...
Bu uşağa kimsə dinib bir söz deməzdi. Mən belə başa düşdüm ki, binada artıq hamı öyrəncəlidir bu səhər konsertlərinə, çünki çox keçmədi ki, mən özüm də artıq qıcıqlanmadığımı, yuxumun qaçmadığını hiss elədim.
Uşağın adını kimsə bilmirdi. Anası başda olmaqla hamı ona Zazu deyirdi. Zazunun daha bir sevimli məşğuliyyəti isə həyətdən yığdığı zir-zibili ümumi su quyusuna atmaq idi. Bir dəfə quyunu təmizləyəndə ordan nələr çıxmadı ki! Qonşuların üstündə bir-birini oğru adlandırıb az qala məhkəməyə verəcəkləri zivədən “şpilka”qarışıq dartılıb götürülən pal-paltardan tutub voleybol toplarınadək, gəlinciklərədək, suçu qoca Vityanın yamaqlı kepkasınadək, quruya çıxıb özünü günə verən timsahabənzər Roza xalanın sevimli kətilinədək...
Camaat Zazunu söyür, anası da dördüncü mərtəbədən baxıb qəhqəhə çəkir, qonşuları biədəb söyüşlərə qonaq edirdi.
Günorta azanının səsi gəldi və o, əlində bir boşqab üstüqaralı plovla həyətə düşüb Zazunun dalınca hərgünkü qaçmaq əməliyyatına başladı:
- Gəl, köpəyoğlu, yeməy vaxtıdı, karsan, görmürsən azan verillər?
O, qaralı plovdan götürüb ovcunda yumrulayır və Zazunun ağzına təpişdirir, özü isə həyətdə oturub özünü günə verən timsaha bənzəyən Roza xaladan soruşurdu:
- Gəlnin dəli olub? Axırı doğmaqdan öləcəy, onçun-bunçun doğub satmaydan yorulmadı?
- Öz qarnıdı, öz əridi, öz uşağıdı, bala, özü bilər, mənə bəyəm o puldan nəsə çatır? Əy tövbəə...- timsah gərnəşib ağızdolusu əsnədi.
-Aa, yaxşı daa, yekə arvadsan, əsnəmə uşağımın üstünə görüm, əprəsyəli uşağdı, üfürə-üfürə saxlıyıram.
Zazunun anasının təkcə gözləri deyil, evi də daim qaynayırdı. Qapıbir qonşuyduq deyə onun evinə gələnlərin hay-küyünə də dözməli olurduq. Bəzi gecələrsə bu hay –küy ağlaşma səsləriylə müşaiyət olunurdı. Həyətə təcili yardım maşını gəlir, həkimlər onun evinə doluşur, səhərədək bu qadınla əlləşirdilər.
Onun bronxial astması vardı. Hər an öləcəynidən qorxurdu. Mən balkonda paltar sərəndə yaxud bekarçılıqdan dənizə tamaşa edəndə ondan heç bir şey soruşmayıb sadəcə etika xətrinə salamlaşsam da, o, özü haqda o qədər məlumat verirdi ki, sanki bütün bunları ən məhrəm bir adamına danışırdı. Deyirdi , onu uşağı olmayan bir qadın uşaq evindən götürüb saxlayıb, sonra ərə verib, sonra özü ölüb, sonra onun özünün də uşağı olmayıb deyə əri onu boşayıb, sonra o, gəlib bura, onu böyüdən qadının evinə sahib durub, sonra bir oğlanla görüşüb, ondan Zazunu doğub, sonra oğlanın ailəsi mane olub deyə ondan da ayrılıb, lap, lap, lap sonra isə cavan bir uşağa aşiq olub. Bu cavan uşaq isə heç demə oğraşın dal ayağı imiş, bunun hesabına kef çəkirmiş, hələ qıraqda özünə qız da saxlayırmış bunun puluna...
- Neynim, sevirəm də bu oğraşı. Pul verirəm, İranda qazandıqlarımı gətirib başından tökürəm, o isə namərdlik eliyir, məni mal kimi çırpır, oğlumu təpikləyib həyətə qovur, ya da mən olmayanda dimidrol verib yatırdır, mən İranda olanda evimə fahişə gətirir...eehhh, nə bilim, ay bacı...
- Küçədən maşın siqnalları eşidildi. Gəlin aparırdılar. O, balkondan aşağı tullanacaqmış kimi dartınıb qışqırdı:
- Heeyyy...mənçin olsun! Mənçin olsun, ay camaat! Amin deyin, amin...!
Küçədə, balkonlarda nə qədər adam vardısa, hamısı ona baxdı. Kimi güldü, kimi “amin “ dedi, kimi başını buladı, kimi də “kül başına” deyib əlləriylə qapaz göndərdi...
O biri balkondan Nərgiz xala dilləndi:
- Doğrudan ərə getmək istəyirsən, ay Kamalə?
- Əlbəttə, sən bəyəm istəmirsən? Hay arvaddar, guyam ki, siz hindi hər şeyə tüpürüb təzdən yaşamay istəmirsiz? Guyam ki hindi Kamalə dəlidi, özündən fokus çıxardır? Köpəyoğlu dədəmin goruyçun, istiyirsiz, canıvız da çıxır, amma o yanlarızdakı qartımış kişilərizdən qorxursuz..
- Ay qız, yaxşı, - Nərgiz xala acıqlandı, - adam peşmandı səndən bir şey soruşa.
- Nə yaxşı e, yox sən mənə di görüm nə yaxşı? Bax, camaat, üçə kimi sayıram, kim həyatını təzədən başlayıb yaşamay isdiyirsə əlini qaldırsın, bax mən qaldırdım ujey...
Heç kim əlini qaldırmadı, 25 yaşında vərəmdən ölən yeganə oğlunun nişanlısının ərə getməsiyçin səhər-səhər qapısına gələn qonşu Adilə xalaya “həri” verməyini aşağıda arvadlara söhbət edən Şahrud xala səsini qaldırdı:
- Bəs yanındakı qurumsağı neyləyəssən? Bəs yetimin necolar, hə? Şaddığına şittiy eliyirsənaaa...
- Əşşi..! Qurumsağı bir sözümlə basdırram gedər ömürrüy xoşbəxt olar. Bir dəfə polisə desəm ki, nəyşə satır, işi bitəcəy. Yetimi də ki aparıb verrəm Ədalət Şükürova. Deyərəm, əkmisən, indi zəhmət çək saxla. Görüm necə sübut eliyicəy ki, ondan döyür. Heç gör öz oğlu ona bu cürnə oxşuyur?

Doğrudan da bu Zazu Ədalət Şükürovun balacalaşdırılmış modeliydi sanki, insan insana bu qədər bənzəyərmiş, Allah...

Həmin gecə o, az qala qapımızı sındırırdı:
- Açın! Açın qapını!
Yoldaşım qapını açdı.
Onun əlləri, çiyni, sinəsi bıçaq yaralarından kəsik-kəsik idi.
- O elədi. O alçaq. Mən onu tutduracam. Yox, heç nə lazım deyil, heç yana zəng eləmiyin. Nə polisə, nə də skorıya...- o, yoldaşımın telefona uzanan qolundan bütün ağırlığı ilə sallanıb yalvardı, - mən bura Zazunu qoymaya gəldim. O, nəyşəlidi, uşağa da bir şey eliyər...Ay Allah. Mən bu oğraşı niyə belə istiyirəm axı...- deyə zarıyırdı.
Zazu əlində rul, mənə baxıb hırıldayırdı:
- Mən bilirəm sənin qarnın niyə o boydadı. Ora uşaq soxublar.
- Kəs səsini, itin belindən gələn! – anası qanlı əlinin arxasıyla onun ağzına tərs bir şillə çəkdi və Zazunun fəryadı binanı başına götürdü.
Biz onların ikisinə də bizdə gecələməyi və ilk tibbi yardım göstərməyi israrla təklif etsək də, o, qəti surətdə imtina etdi:
- Yox, yox, mən başa düşdüm, o məni qorxuzmay isdiyir ki, mən evdən çıxım, olan –qalanımı da oğurruyub aparsın fahişəsiyçin.
Zazunu da götürüb yenidən evinə getdi.
Onun səhərə salamat çıxacağına ümidim yox idi. Amma...
Səhər Zazunun siqnalına və muğamatına oyanıb ürəyimdə Yaradana şükür elədim...
Bir azdan isə dənizə baxdığım zaman onun yenə də binanın balkonlarından boylanan – sallanan qadınlarına “son xəbərlər”i verdiyinin şahidi oldum və içimdə dəqiq əmin oldum ki, bu qadın dünya durduqca duracaq...heç vaxt ölməyəcək də, itməyəcək də, batmayacaq da...
Məktəbdən iki ibtidai sinif müəlliməsi gəlibmiş ki, Zazunu birinci sinfə yazsınlar.
- Zazudan şeir istədilər. Zazu da onlarçun bir dənə “daragiye duruzya”nı oxudu...ay Allah...- Kamalə gülməyini saxlaya bilmirdi, - ayyyy...məllimələrin gözü çıxdı kəlləsinə...ay allah...əşşii, olarda kəllə nə gəzir? Biri odey, o toyda oxuyançılarnan yatıb-duran Gülnarəydi də, onnan məllimə çıxar?
Arvadların yenə kimisi gülür, kimisi başını bulayır, kimisi də “kül başına” deyib qapaz göndərirdi. Onunsa dünya- aləm vecinə deyildi və məhz bu məqamlarda mən düşündüm ki, yoox, bu qadın dünyanı tutub durmayacaq, səhv edirmişəm, bu qadın bir gün mütləq öləcək, özü də gülməkdən...
- Ay Allah....mən öldüm gülməydən, aaa ....saxdıyın daa məni...yoxeyyy gərəy görəydiz o səhnəni...hindii, guyam ki, şəstlərinə dəyib uşağın biədəb şeir deməyi, məni dannıyıllar ki, utane, bir damcı uşağın gör nələr oxuyur...sən də gülürsən...ayy, öldüm gülməydən, Allah...Zazu...Ayyy...Zazu bilirsiz neynədi? Oxlovu götürüb gəldi ki, ay fayşələr, bu dəyqə burdan...o söz...yoxsa mən sizi bu dəyqə elə o ...o söz...ay Allah...öldüm mən, öldüm...

Kamalə özü deyir, özü də gülürdü.
Küçədən yenə siqnal səsləri gəlməyə başladı. Yenə gəlin aparırdılar.
- Odeyy, apardılar birin də xoşbəxt eləmiyə...guyam ki, dünyanı verəcəylər bussaatdarım ona...Heeyyy...! Mənçin olsun.” Mənçin olsun, ay camaat! Amin deyin, Aminnn...!!!

Kamalə balkonunda hoppanı, qışqırır, qəhqəhə çəkirdi. Zazu isə key-key gah anasına, gah da küçədən keçən bəzəkli toy maşınlarına baxıb “ amin, amin” deyirdi...
O, doğrudan da Ədalət Şükürova oxşayırdı...

AĞRI

Qadın ağrı çəkirdi.
Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.
Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı.
- Ay Allah..köməyini əsirgəmə..körpəmə, ərimə yazığın gəlsin, bizi tək qoyma, ay Allah..ay Allaahhh...aaaayyyyy...ayallaaaaaahhh...
- Suyu səhərdən gedib, -deyirdi mamaça., - on saatdı susuzdu uşaq, Allah özü kömək olsun. Bəlkə aparaq xəstəxanaya, hə?!- ümidsizliklə ona baxdı.
- Yox, həkim lazım deyil...-dedi o.
- Mənə deyirdi suyu gedib, inanmadım, dedim bəlkə ağırdı, sidiyə çıxıb, hiss eləməyib, vaxtına bir ay qalmışdı axı, -qaynanası ona qısılmış oğlan uşağının ayaqlısını yoxlayıb batıq olduğunu gördü və odun peçinin böyründən aftava-ləyəni götürüb uşağı yumağa başladı
Daha bir sancı dalğası gəldi.

Qadın bütün vücudunu sarmış bu dəhşətli ağrıdan başqa yer üzündə heç nəyi və heç kimi hiss eləmirdi... Yalnız bu ağrı vardı dünyada, bir də qadının özü. Daha heç kim və heç nə.
Saçlarından tutmuş ayaq dırnaqlarınadək ağrayırdı və bu ağrı onun canından zərrə-zərrə qoparaq kainatın hər bir nöqtəsinə yayılırdı. Aramsız qışqırırdı və bu qışqırığın əks-sədası kainatın hər bir nöqtəsində eşidilirdi.
Saçları balışın üzərinə səpələnmişdi, alnında, boynunda tər damcıları parıldayırdı.
O, qeyri – ixtiyari əlləriylə saçlarını arxaya daradı, bir neçə anlıq qulaqlarını sıxıb gözlərini yumdu, alnında, boynunda parıldayan tər damcılarını əllərinin içi ilə sildi, halsızlaşdığını, gücünün və səbrinin tükəndiyini, bu yeri-göyü sarmış ağrıya tab gətirməyərək bu alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasından, bu pilləkənləri sidik qoxuyan köhnə və rütubətli binadan uzağa, mümkün qədər uzağa qaçmaq istədiyini hiss elədi.
Amma hara?
Ağrı hər yerdəydi.
Başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan yaşadığımız, ağrıdığımız dünyaya daha bir insan gəlirdi.
Ağrısı özündən əvvəl doğulmuşdu yer üzünə...
O, bu uşağı illər idi ki, gözləyirdi. Bu ağrını nə qədər arzulamışdı. Bu ağrını çəkən qadınlara həsəd aparıb ağrısızlığa məhkum olduğundan utanıb yerə girmişdi hər dəfə. Sızıldamışdı, yanıb-yaxılmışdı ağrıdan məhrum olduğuna görə. Ağrımışdı ağrısızlığından...Gecələr boyu dualar oxumuşdu , gündüzlər boyu ziyarətgahlara ayaq döymüşdü, saysız-hesabsız cinsi əlaqələrdən əri də bezikmişdi, bitməz-tükənməz müalicələrdən öz canı da yorulmuşdu..Amma bütün bunlar hər 28-ci gün tamam olub Ay bədirləndimi, bir ovuc qana dönüb ümidlərini məhv edirdi.
Bəndələr aciz idi.
Allahsa susurdu.
Dəqiq əmin idi ki, Allahın bircə dəfə üzünü ona çevirib dilucu “OL!” deməsi kifayət edər ağrısızlıqdan qurtulmasına.
Dünya, Kainat bu bircə sözdən yaranmadımı?
Bəs onun bətnində niyə bu nəhayətsiz həyatdan bircə zərrə belə cücərib doğula bilmirdi, niyə?
Axı o da duymaq istəyirdi ağrını.
Bu dadı hiss etmədənmi köçəcəkdi yer üzündən?
Bəs Allah?
Bəs “OL!” kəlməsi?
Öncə SÖZ vardı axı?!
Sonra Dünya yaranmışdı.
İndi burda – bu alaqaranlıq, hisli otağın yoxsulluqla dolu havasında öncə ağrı var.
Sonra insan doğulacaq.
Doğulub öləcək bəlkə.
Doğulub öldürəcək bəlkə.
Doğularkən onu doğanı öldürənlər az olubmu?

-Gəlir..başını görürəm..Caann, qanla doğulur uşaq, susuz, zülümlə..caan, can bala..bir az da..aay sağ ol..ay sağ ol..dayan, hə, güc vermə..mən deyəndə ancaq, eşidirsən? Ancaq mən deyəndə..hə...dayan..indi ver..gəlir..bax, gəlir uşaq...- mamaçanın səsi son anlarını yaşayan ağrını ovutmağa çalışırdı...

Qaynanası yenə də otağın küncündəki kətilə pərçim olmuşdu, qucağındakı oğlan uşağına əmzikli şüşədən süd içirirdi.

Öncə balaca başının təpəsi, sonra alnı, daha sonra üzü göründü...
İlahi!
Bu balaca üzdə nə qədər əzab vardı!
Doğulan onu doğandan daha çox ağrıyırmış sən demə...

O, başının hərləndiyini, gözlərinin qaraldığını, qulaqlarının küyə düşdüyünü hiss elədi..
Bax bu halda, insanın “özündən getməsi” halında, onun ruhunun bədəniylə əlaqəsinin qəfildən kəsilib yenidən qayıtması məqamında ağrı hiss olunmur, unudulur, bəlkə də yoxa çıxır...
Bəs kliniki ölüm məqamı?
İnsanlar ruhlarının bədənlərindən qoparaq onu kənardan seyr etdiklərini danışırlar sonradan...
Qaranlıq və uzun tunel, qatar səslərini xatırladan “tak-tarak, tak-tarak” ritminin içinə düşmək, o tunelin sonuna doğru hərəkət, o tunelin sonundakı işıq..sonra isə yenə də ağrı...
Həyat – ağrı deməkdir.
Ölüm isə daha bir qaranlıq bətn, daha bir ana ürəyinin çırpıntıları ritminin içinə düşmək, daha bir doğuş prosesi və daha bir işıqlı dünyaya çıxmaq şansıdır...
Yenə ağrımaq şansı...
Yenə ağrıtmaq şansı...

- Şükür Allaha!- mamaça çağanın göbəyini burub kəsdi və onu indicə qoyub gəldiyi başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan ayırdı, - göyçək bir qızın oldu, maşallah! Göbək ciyəsi də dümdüzdü, bundan sonra mütləq oğlan olacaq...
- Mən elə qız istəyirdim...- dedi o.
- Atası gəlsin, muştuluq alım, -mamaça sevinirdi.
- Atası gec gələcək, çay kənarından daş daşımağa gedib. Ancaq yatmağa gəlir, bəlkə də səhərə gələ, - qaynana otağın küncündəki kətildən nəhayət ki qalxıb qucağındakı oğlan uşağını yaxına gətirdi, -bacıya baax, əl çal bacıyçün, əl çaal...
-
Oğlan uşağı mamaçanın büküb-bələdiyi çağaya baxdı, gözləri lampanın zəif işığında parıldadı və o, balaca, totuq əllərini bir-birinə vurub güldü. Çağa sanki buna bəndmiş kimi əvvəl tənbəl-tənbəl bir gözünü açdı, sonra balaca ağzını instinktiv olaraq sağa-sola əyərək yeməyini axtardı, tapmayıb ağladı.
Oğlan uşağının balaca , totuq əlləri havada qaldı, gözlərindəki parıltılı sevinc heyrətə, sonra qorxuya çevrildi və o, çağaya qoşulub ağlamağa başladı...

Qadın üstündə uzandığı yemək stolunun qıraqlarını əlləriylə sıxmış, gözlərini möhkəmcə qapamışdı. Nə bu körpə ağlaşmalarını, nə də indicə deyiləcək sözləri eşitmək istəmirdi.

Mamaça son tapşırıqlarını verirdi:
- Bax, soyuqdan qorun. Bilirəm qonşulara-filan ev-eşik təmizləyirsən, pal-paltar yuyursan, amma hələ bir-iki ay eləmə bunu. Onsuz da çox zəifsən. Yadında saxla, doğan arvadın qəbri düz qırx gün, qırx gecə açıq olar deyiblər. ..bir şey olsa, mənə zəng eləyin, gəlib dəyərəm, - ona sarı dönüb əlavə elədi, - məni yola salın gedim.

O, mamaçanın paltosunun cibinə pul basdı, qapını bağlayıb hələ də stolun üstündə uzanmış qadına yaxınlaşdı:
- Əslində ...mamaça mənlik deyildi, bilirsən. Amma biz danışdığımız vaxtdan sonra qiymətlər bahalaşıb, həm də sənin vəziyyətini də nəzərə aldım. Ona yüz dollar verdim, bu min dolları isə qoyuram sənin balışının altına..
- Çox sağ ol, -qadın zorla pıçıldadı.
Baxışları alaqaranlıq və hisli otağın tavanında donub qalmışdı.
- Sən də sağ ol, - o da demək olar ki pıçıldadı və qalın adyala bükülmüş çağanı divanın üstündən qucağına götürdü.
- Ona baxım..-qadının baxışları tavandan qopub qalın adyalın qırmızı güllərinə qondu.
- Yox, ona baxmağını istəmirəm, toxunmağını da. Səninlə şərtimiz vardı. ..Mən bu ayın axırınadək paytaxta köçürəm, bir də heç vaxt səni görmək istəmirəm, yadında saxla, nə vaxtsa bu uşağı axtarmağı, ona kim olduğunu deməyi də ağlına gətirməyəsən..bu, sənin deyil, eşidirsən? Sənnənəm...-az qala yalvararaq sızıldadı...
- Hə...-qadının baxışları qalın adyalın qırmızı güllərindən qopa bilmirdi.
- Allaha əmanət olun, - o, qapıya tərəf getdi, otağın küncündəki kətildən durmaq fikri olmayan qadına baxdı, - zəhmət olmasa qapını açın. Arvad tənbəl-tənbəl qalxıb qapını açdı, qalın adyalın qırmızı güllərini çölə ötürüb qadının yanına qayıtdı. Oğlan uşağını yenidən qucağına alıb küncdəki kətilə sarı getdi:
- Puldan özünə saxla, qalanını da verərsən, ərin sənəd-sünədini düzəldib gedər Moskvaya-zada. Kişi olub kişilərə qarışacaq barı...On beş manat da mənə verərsən, unun pulundan dükana borclu qalmışam, onu verməliyəm...yatmısan?
- Yox..- qadın zorla eşidiləcək səslə deyə bildi.

Əlləri, üstündə uzandığı yemək stolunun qıraqlarını sıxmaqdan yorulmuşdu, gözləri yenə də tavana dikiliydi..baxışları isə qalın adyalın qırmızı güllərinə ilişib getmişdi...

CO ÜÇÜN

Bir az Parisdən danış...
O zərif qadın qırığından...
O uzaq may səhərindən...
Günəşin təbəssümü də ötən günkündən daha istiydi, onun əlləri də.

Külək şıltaq uşaq inadıyla üstündə xırdaca mavi çiçəkləri olan ağ donunun ətəyini ayaqlarına yapışdırır, sanki onu qucaqlamaq istəyirdi. Saçları daha çox sevinirdi o gün. Yadında deyil, kimsə ona demişdi ki, küləyin sevdiyi bir şey varsa, o da qadın saçlarıdır. Üzünə, dodaqlarına çırpılıb uçuşan saçları onu tez-tez gözlərini yummağa vadar edirdi. Bir anlıq düşündü ki, nə yaxşı olardı, elə beləcə gözlərini yumub saçlarının və küləyin təmasından, içindəki rahatlıqdan başqa heç bir şey hiss etməyərək gedəydi...Fərqi yoxdu hara...Amma həyat maneələrlə doludur və hər an nəyəsə, kiməsə çırpılıb yıxıla bilərsən. Gülümsəmək, yalnız gülümsəmək lazımdır hər şeyə və hər kəsə...
O da gülümsəyirdi.
Yanınca addımlayan hündürboylu rejisorun sözlərini eşitmirdi. Adam səhərdən danışırdı. Liftdə də, yeraltı keçiddə də, metroda da elə hey danışmışdı. İndi bu adamların saçlarına və küləyə gülümsədikləri küçədə də danışırdı. Saysız-hesabsız intiharlardan, saysız-hesabsız intihar səhnələri yaratmış aktrisalardan, saysız-hesabsız yazıçıların, aktyorların, musiqiçilərin intihar cəhdlərindən...O, deyirdi ki, yaradıcı adamlar daha çox meylli olurlar depressiyaya və onların arasında intihar edənlər daha çoxdu. Amma yaradıcı insanın intiharı da adi insanlarınkından fərqlənir. Yaradıcı adam damarlarını doğramır, onları narkotiklə doldurur. Bu, onun həyata üsyanı və intiharıdır...
O isə gülümsəyir, bir azdan marketin qapısında ayrılacağı bu adamın danışdıqlarını saçlarıyla çırpıb küləyə ötürür, qulaqlarına buraxmırdı.
Bir mahnı vardı havada.
“Lüksemburq bağı”nı oxuyurdu Paris...
Və marketin ikinci mərtəbəsində parfüm satan qız da gülümsəyərək “Lüksemburq bağı” oxudu qiymət əvəzinə.
- Sən küləkləri sevmirsən, düzdür?- qızdan soruşdu.
- Hardan bildin? – qız “Lüksemburq bağı”nın tam ortasında dayanıb gözlərini döydü.
- Saçlarını çox qısa kəsdirmisən,- dedi gülümsəyərək.
Parfüm satan qız da gülümsədi və dodaqları “Lüksemburq bağı”nın tam ortasından aralandı...
Bir az Parisdən danış...
O yarımqaranlıq dəhliz xatirindəmi?
Bəs o nəmli pillələr?
O mərtəbədə dayandınmı?
Doldurdumu qulaqlarını o açar çıqqıltısı?
Otaq da ötən günkündən daha soyuq idi, onun əlləri də.
Bilirdi ki, o, evdədir.
Vanna otağından su şırıltısı gəlirdi. Yenə “Lüksemburq bağı”. Su da onu oxuyurdu.
Qapının ağzında səssizcə dayanmışdı. Küləkdən yorulmuş saçları da pərişan idi, içində çırpınmağa başlayan narahatlıq hissi də.
O, arxası vanna otağının qapısına dayanıb əl-üzünü yuyurdu. Və o, “Lüksemburq bağı”nı oxuyurdu.
Sən bu anı heç bir zaman unutmayacaqsan, deyilmi?
Güzgüdən baxıb gülümsəyən gözlər, barmaqlarının uçub qonmaq istədiyi qızılı buruqlar...
- Sən bu gün də intihar etdin? – elə güzgüdən baxıb soruşmuşdu. Hətta bunu soruşanda da gülümsəyirdi. Gözlərində dəniz saflığı vardı...və dəniz kədəri...
İstədi desin ki, bəs sən? Sən niyə bu gün də narkotikdən istifadə elədin? Amma deyə bilmədi. Bunu desəydi, yer üzündə hər şey donardı, hətta zaman belə. O isə yer üzündə hər şeyin donmasına razı ola bilərdi, “Lüksemburq bağı”nın yox.
Elə buna görə də dodaqlarını dəniz saflığında susdurdu...və dəniz kədərində...
Bir az Parisdən danış...
Bir də oxu o mahnını.
Azdır ruhumu o geniş küçələrdə, nəm qoxulu pillələrdə, o qızılı buruqlarda...
Bir az Parisdən danış...

CIRCIRAMA ÖPÜŞÜ

- Get əllərini, ayaqlarını, üzünü yu, başının təpəsinə də su çək, sonra gəl mənə kömək elə.
Nənəsinin dediklərini elədi və gəlib yanında durdu.
- İndi de bismillahirrəhmanirrəhim…
Dilini ağzında itirə-itirə birtəhər bunu da elədi.
- İndi bu isti külçələrə yağ çək.
Bir əlini soyuq nehrə yağına basıb xırdaca barmaqlarının içi ilə külçələri yağlamağa başladı. Külçələr əlini yandırsa da gözlərini oxşayır, ağzını sulandırırdı. Nənəsi də hiss elədi:
- Birdən qoparıb yemə ha! Gərək əvvəl məscidə aparaq, təbərrik eləyək, sonra. Tez-tez bismillahirrəhmanirrəhim de…

Nənəsi bir az əvvəl qovurduğu unu şirəylə, yağla yoğurub halva hazırlayırdı. Dodaqucu dualar oxuyur, imam adları çəkirdi.
Hər külçənin üstünə bir dilim halva qoyub zənbilə yığdılar və nənəsinin “Allah, Məhəmməd, ya Əli!” deməsiylə küçəyə çıxıb üz tutdular kənd məscidinə sarı.

Bu, birmərtəbəli, amma kifayət qədər böyük olan qırmızı kərpicli binanı hökumət kitabxana eləmişdi. Yadındadır, kitabxananın açılışına müəllimləri onları qoyun sürüsü tək qabaqlarına qatıb gətirmişdilər. Həmin gün məscidin həyətində adam əlindən tərpənmək olmurdu. Rayonun hökumət adamlarının hamısı burdaydı. Məktəbliləri məscidin eyvanına cərgəylə düzüb şeirlər oxutdurdular. Oktyabr inqilabına, Leninə, Kommunist partiyasına həsr olunmuş şeirlər idi bunlar.
Hiss elədi ki, ayaqları əsir…Balaca əllərinin baş barmaqlarını ovuclarında möhkəmcə sıxıb həyəcandan ölə-ölə öz növbəsini gözləyirdi…İndicə o deyəcəkdi şeir…Bax, xəbərçi Elnarə oxudu, qızbibi Kənan da…axsaq Nəzakət də söylədi şeirini…Aman…növbə onundu…
Mikrofon əlində ona yaxınlaşan əndamlı qadının turşumuş tər iyindən başı gicəlləndi az qala…Deyəcəyi şeirin ilk misralarını birtəhər çeynəyib tökdü:
Lenin, Lenin yolunda,
Qızıl bayraq əlində,
Çalışırıq, vuruşuruq,
Lenin baba sağ olsun,
Dörd tərəfi bağ olsun…
Mən…
Susdu…Turşumuş tər qoxulu əndamlı qadın gülümsədi:
-De…nooldu?
-…
- Ay qız…katib baxır…De…Mən Leninin qızıyam…de, de, köpək qızı…
- Mən Rafiqin qızıyam,
Partiyanın oğluyam…-mikrofona bağırdı…
Məscidin həyətinə öncə ölü bir sükut çökdü. Bəlkə də bu sükutdan o da rahat və sakit bir görkəm aldı, bayaqkı həyəcanı bir andaca yoxa çıxdı.
Və birdən məscidin həyətindəki adamlar bir səslə qəhqəhəylə gülməyə başladılar…Səbəbsə qəfil əsən küləyin əlimikrofonlu , turşumuş tər qoxulu əndamlı qadının Sovet bayrağı rəngində olan kristalon donunun klyoş ətəyini başına qaldırması olmuşdu…Qadının əynindəki sapsarı uzunbalaq pantalonu görməyən qalmamışdı. Bir qıraqda dayanıb baxan, kələğayılarının yaşmaqları altında dişsiz ağızlarını gizlədən qarıların deyinməkləri eşidildi:
-Ay Allaha qurban olum, əccəb oldu!
-Allahın evini kafir-kufurun qəzet-kitabıyla dolduranda, Allah da adamı bax, elə beləcə biabır eləyər də..
- Sən Quran, bu lotuya bax da, Allahın evinə qırmızı donda gəlməyinə bax da…

Sonra atasını məktəb qalmadı, ispalkom qalmadı, birinci katibin yanı qalmadı, hamısına çağırdılar…
Atasının sözü bir idi
- Mən demişəm elə oxusun! Bəli! Özüm kommunistəm, amma bu o demək deyil ki, mənim qızımın atası Lenindir…Kimə xoşdursa, öz uşağına belə oxutsun…mən belə öyrətmişəm…hünəri varsa, qoy başqa cür desin, dilini kəsərəm onun…!

O, bu məscidi çox sevirdi…Daha doğrusu, bu kitabxananı. Demək olar ki, hər gün dərsdən sonra bura cumur, oxumağa kitab seçir, məscidin min-bir rəngli xırda şüşələrdən ibarət olan nəhəng pəncərələrindən göyə, yerə, adamlara baxırdı. Maraqlı bir qənaətə də gəlmişdi. Artıq dəqiq əmin idi ki, ətrafa hansı rəngdə şüşədən baxırsansa, hər şeyi də məhz o rəngdə görə bilərsən…Hələ məscidi kitabxana etməkdən ötrü təmir edəndə məhəllə uşaqlarıyla gəlib ustalardan qır alıb saqqız kimi çeynədikləri , məscidin həyətində nənələrinin nişan verdikləri köhnə qəbir yerlərini axtarıb üzərlərinə taxta-tuxta düzdükləri günlərdə yerə dağılmış rəngli şüşə qırıqlarından xırda karton qutuya yığıb evə aparmışdı. Hər yadına düşəndə qutudan istədiyi rəngdə şüşə qırıntısı götürərək ətrafa baxır, dünyanı özü istədiyi vaxtda özü istədiyi rəngdə görə bilməsinə sevinirdi…
Amma məscidin öz pəncərələrindən ətrafa baxmağın ləzzəti ayrıydı…burada hətta bir gözünlə sarıdan, o biri gözünlə yaşıldan da baxa bilərdin…məsələn, axsaq Nəzakət mağazadan süd alıb gedir və məscidin pəncərəsi qədərincə rəngdən-rəngə düşürdü…gah qırmızı rəngdə axsayırdı, gah mavi…”Çox paxıl qızdı bu Nəzakət, heç kəsi sevmir, ona elə belə baxmaq lazımdı, qoy elə ala-bula görünsün, düşünür”, öz aləmində əylənərdi…
Kitabxanaçı qızlar ona o qədər öyrəşmişdilər ki, bir az gec görünəndə, onsuz darıxdıqlarını deyirdilər.
Burada bir yer vardı…İri, qara minbərin durduğu zona…bu yerdən yamanca qorxurdu. Hər dəfə bu qara minbərə yaxınlaşanda, hətta sadəcə baxanda belə canına qəribə bir xof dolur, ürəyi əsməyə başlayırdı…Tərslikdən qara minbər məhz uşaq ədəbiyyatı üçün ayrılmış stellajların yanında idi. Qorxudan ölsə belə, onun bir addımlığında dayanıb istədiyi kitabları axtarmalı, seçməliydi. Hərdən kitabxanaçıların başı məscidin o biri başında nahar etməyə və ya digər stellajları səliqəyə salmağa qarışanda burda, minbərin yaxınlığında özünü tək, köməksiz hiss edir, canına dolan xofun fonunda bəlkə min, bəlkə milyon, bəlkə daha çox səsin qarışığından ibarət pıçıltılar eşidirdi…Və aradabir lap qulağının dibində kimsə pıçıldayırdı : Zööööhhrəəəə…
Belə vaxtlarda seçib götürdüyü kitabı sinəsinə, dişlərinisə bir-birinə sıxıb cəld ordan uzaqlaşır, bir də geri dönüb baxmamağa çalışırdı…

Məscidin qapısında qaloşlarını çıxarıb kitabxanaçıların tuflilərinin yanına qoydular və həsir döşənmiş Allah evinə - kitabxanaya daxil oldular.
Kitabxanaçı qızlar ayağa qalxıb nənəsini salamladılar:
-Zibeydə ana, xoş gəlmisiz,- dedilər.
- Bəxtəvər olasız, -deyib nənəsi kələğayısını dah bir az alnına çəkdi və halvalı külçələrdən özüylə gətirdikləri ağ siniyə düzüb qara minbərə doğru getdi. Sinini minbərin üstünə qoyub belinə bağladığı damalı yun şalın qarınlığından canamazını çıxararaq qara minbərin qarşısında namaz qılmağa başladı.
O isə saysız-hesabsız görünəcək qədər çox olan stellajların üstünə cumdu. Bir-bir kitablara baxdı, “Tom Soyyerin macəraları” nı götürüb qızlara öz adına qeyd elətdirdi.
Nənəsi namazı bitirib sinini qızların yanına gətirdi. Hərəsinə bir üstü halvalı külçə verdi:
- Aşura axşamıdır, -dedi, -İmam sizə savab versin…

Evə gələ-gələ yolda qarşılarına çıxan hər kəsə halvalı külçə ehsan elədilər. Evdə də qalanlarını bir-bir bütün qonşulara payladılar.
Sonra nənəsi ilə oturub halvalı külçə yedilər, üstündən çay içdilər…
Nənəsi hər şeyi dadlı bişirirdi. Bu halvaya, bu külçələrə isə söz ola bilməzdi.
- Ağzını marçıldatma…Allahın xoşu gəlmir, - dedi nənəsi və o, mümkün qədər səssiz-səmirsiz yeməyə çalışdı…
- İndi dərslərini hazırla, axşam təkyəyə gedərik…bax ha, özünlə ora kitab götürsən, səni bir də aparmaram…eşitdin nə dedim? Kitab görməyim əlində…

Təkyəyə…yəni alma-armud satan Şamama gilə…
Şamamanın bir oğlu vardı, Ceyhun adında. Deyirdilər keçməlidir. Tez-tez yerə yıxılıb çabalayır, ağzından köpük axır, gözləri hədəqəsindən çıxırdı…Şamama onu Bakının bütün həkimlərinə göstərdiyini deyər, ona görə ətək-ətək pul xərlcədiyindən danışardı. Bu oğlanın sağalması üçün evində yeddi il təkyə qoyacağını əhd eləmişdi Şamama. Onun evi iki kəndin arasındakı təpədə yerləşirdi. Evin ikinci mərtəbəsindəki geniş aynabənd hər ilin məhərrəm ayı boyunca kənd arvadlarının ixtiyarına verilərdi. Aynabəndin başından kiçik bir otağa da açıq qapı vardı ki, təkyəyə gələn hər kəs ilk əvvəl məhz həmin otağa keçib ələmi ziyarət etməliydi. Ələm – üstündən saysız-hesabsız kələğayılar, yaylıqlar, parçalar düyünlənib asılmış uzun bir qoldan ibarət idi. Bu qol insan əli formasında qara rəngli fiqurla bitirdi və arvadlar deyirdilər ki, bu, Həzrət Abbasın Kərbəla müsibətində kəsilmiş qoludur…Həzrət Abbas , arvadların diliylə desək, “bizimkilərin bayraqdarı “olubmuş və indi bu təkyədə də başqa təkyələrdə olduğu kimi bütün arvadlar özlərinin ən qiymətli kələğayılarını “bizimkilərin” bayrağı kimi ələmə bağlayır, məhərrəm ayı bitənədək ziyarət otağında saxlayırdılar. Ələmin durduğu qapı ağzındakı küncdən başlayaraq iri masanın üstündəki qara parçaya, bu masanın üstündəki nəhəng allüminium teştin içindəki təbərrik suyadək, divarlara və masa boyunca düzülmüş imam şəkillərinədək hər şey maraqlıydı onun üçün…amma maraqlı olduğu qədər də vahiməliydi…Deyirdilər, ələm olan otağa pis, murdar adam girərsə, ziyarət edərsə, hələ üstəlik ələmə də toxunarsa, həmin gecə mütləq ya təkyə olan evdə yanğın baş verər, ya da ələm uçub gedər Kərbəla torpağına…
O, qorxub yaxın durmasa da, nənəsi hər dəfə gəldiklərində ələmin üstündəki kələğayılardan birinin ucuna pul bağlayar, teştdən su götürüb onun alnına çəkər, masanın qara parçasına, teştə, ələmə və imam şəkillərinə əlini sürtüb sonra sanki ovcuna yığılmış isti nəyisə onun alnından başının təpəsinədək gəzdirər, dodaqucu nələrsə pıçıldayardı…Nənəsinin də ən gözəl Gəncə kələğayısı, noxudu kələğayısı və ağ ipəkdən tirmə şalı burda, ələmin üstündə idi…
Təkyə gizli idi.

Kəndin bütün qadınları, uşaqları bu gizli təkyəyə yığışar, ələmə pul bağlayar, masanın üstündəki teştdən su götürüb içər, kəndin və ölkənin, hətta dünyanın bütün məsələlərini müzakirə edər, arada mərsiyyə oxuyar, sinə döyər, arada Kərbəlada şəhid olan imam balaları üçün ağlayıb şivən edər, arada da zarafatlaşardılar.
Nənəsinin xüsusi yeri vardı. Nə qədər gec gəlsələr də mərsiyəxan Dilbərin yanındakı nimdarın üstündə heç kim oturmazdı, nənəsini gözləyərdilər.
O isə sinif yoldaşlarını, məhəllə rəfiqələrini tapıb onların yanında oturar, bir neçə saat boyunca ən məzəli, ən maraqlı söhbətlərdə, sakit və oğrun halda təşkil olunan oyunlarda iştirak edərdi. Özüylə gətirdiyi kitablardan qızlara şeirlər, lətifələr oxuyar, dəli Ceyhunun dəftərlərində şəkillər çəkər, oyunlar qurardı. Mərsiyyələr vaxtı onlar da arvadlara qoşulub dizlərinə döyə-döyə “nəqarət” yerlərini xorla oxuyardılar. Ağlaşma zamanı isə bütün qızlar nənələrinə, analarına qoşulub ağlasalar da, onu dəli, tərs, qarşısını heç cür ala bilmədiyi gülmək tutardı. Neçə dəfə qovmuşdular onu həyətə, neçə dəfə üstünə qışqırıb danlamışdılar…yadında yoxdu…
Aşura axşamlarında isə əsl dəstgah olurdu.
Əli ələmli adamlar başqa kəndlərin təkyələrindən gəlib bu təkyənin həyətində xorla “Hüseyn vay!” qışqırardılar. Bu təkyənin adamları da öz ələmlərini götürüb çölə çıxar, gələn dəstəyə qoşulub qışqırar, sinələrinə döyərdilər. Dəstələrin qabağında ələm daşıyanlar və qurşağa qədər soyunub sinələrini ülgüclə doğrayaraq qanlarını alınlarına sürtənlər, əllərindəki zəncir topasıyla kürəklərini dağıdanlar olardı .
Sonra hamısı kitabxana – məscidin həyətinə gedib “Ağa, salamunəleyk, şah, salamunəleyk!” qışqırardılar…
Başqa uşaqların da “Hüseyn vay!” deyib sinə döyərək qışqırmalarını görüb ürəyində güclü bir həsəd duyardı. Onlar kimi olmaq istəyərdi, amma sanki kimsə sinəsinə qalxan əlini tutub saxlayır, sanki kimsə ağzını qapayıb susdururdu…
Ələmlərdən yaman qorxurdu…
Bumbuz heykələ dönürdü az qala onları görəndə.
Uşaqlar deyirdilər ki, belə gecələrdə ələmlər pis adamları vurub yerə çırparaq göyə qalxır, Kərbəlaya, imam qəbirlərinin yanına gedir.
Pis adamlar – yəni, araq içən kişilər…Uşaqlar belə deyirdilər…

*** *** ***

Dərslərini hazırladı.
Nənəsi də axşam namazını qıldı.
Sonra nənəsinin bişirdiyi daşma plovla ət şamilərini yeyib üstündən ovdux içdilər və “Allah, Məhəmməd ya Əli” deyib küçəyə çıxdılar.
Nənəsinin rəfiqələri də öz nəvələrini böyürlərinə salıb yola düzəlmişdilər.
Bu axşam kəndin bütün yolları alverçi Şamamanın təpə başındakı ikimərtəbəli evinə aparırdı…
Və bu axşam kəndin bütün yollarında qoca-qoca nənələr və onların bellərinə bağladıqları damalı yun şalların saçaqlarından yapışan balaca-balaca qız uşaqları vardı. Bu balaca qız uşaqları bu qoca nənələrin söhbətləri ilə yatır, oyanır, yemək yeyir, su içir, nəfəs alır, bir sözlə, bu söhbətlərin yaratdığı balaca dünyanın içərisində yaşayaraq böyüyürdülər…
Bu günkü yol söhbəti qonşu kəndlərin birində peyda olan ruh haqqında idi. Nənələr bir-birlərinə aman vermədən bu narahat ruhun hər axşam kənd qəbristanlığından çıxaraq bütün evlərin həyət qapılarına özünü çırpıb yanıqlı səslə ulamağından , ruhun ayaq səslərinin belə eşidildiyindən danışırdılar. Nənələr deyirdilər ki, yəqin bu da yataraq ölü kimi görünənlərin biri kimi tələsik basdırılanlardan olub, sonra qəbirdə ayılaraq qorxudan ürəyi partlayıb, odur ki, indi ruhu rahatlıq tapa bilmir. Dombagöz Maygülün nənəsi deyirdi ki, bu barədə çox eşidib, və belə şeylər ona görə baş verir ki, bizlərdə ölünü bir saat belə gözləmirlər. Elə hər gözünü yuman adamı tezcənə aparıb basdırırlar. Axsaq Nəzakətin nənəsi isə bu məsələdə şiələrin ölünü soyuq su ilə yumaqlarını pisləyir, bəlkə də hələ canı çıxmamış adamın isti sudan ayıla biləcəyindən, sünnülərin məhz bu işlərini, yəni öz ölülüərini isti su və sabunla yumaqlarını bəyəndiyindən danışırdı.
Axsaq Nəzakətin nənəsi sünnü idi. Hamı bilirdi ki, onların evində Novruz bayramında yumurtalar heç vaxt qırmızı rəngə boyanmır, həmişə yaşıl rəngdə, həm də mütləq çatlamış olur. Elə buna görə də məhəllə uşaqları Novruz bayramı günlərində bütün evlərə həvəslə getsələr də, axsaq Nəzakətgilin evinə yalnız nənələri deyinib narazı qalmasın deyə gedirdilər. Onlara getmək – bir yumurta döyüşündən məhrum olmaq demək idi…çatlamış yumurtaları yalnız yemək olurdu, uşaqlarsa yumurtanın ağına hopmuş yaşıl rəngi görüb pərt olur, onları gizlədib xəlvəti məhəllənin başından axan arxa tullayırdılar…
Öz nənəsi isə danışmışdı ki, bizim, yəni şiələrin oğlanları gedib sünnü qızı ala bilərlər, buna icazə var, amma bizim qızları heç bir vəchlə sünnü olan oğlanlara vermək olmaz. Bu, günahdır və sünnü oğlana gedən qız da, onun bütün nəsli də lənətlənmiş olaraq Allahın gözündən düşürlər…eləcə də ruslara gedən qızlar və onların nəsilləri…
Nənəsindən soruşmuşdu ki, bəs axı sən deyirdin, bütün adamları Allah yaradıb, hətta Hitleri də. Axı Faiq əmi də, Altay əmi də rus qızı alıblar özlərinə, sən də onların başına su töküb adlarını dəyişmisən, “bizimki” eləmisən, bunu oğlanlarla da etmək olmazmı? Nənəsi isə cavabında demişdi ki, sənə dindən, Allah işlərindən çox danışmaq deyəsən pis təsir edir. Günah səndə deyil, Allahın evinə ancaq kitab almağa getmək üçün sənə icazə verən atandadır…Mən sənə namaz öyrədirəm, atan deyir, Allah yoxdu…hamımız onun dilinin zavalına gəlməsək yaxşıdır…
Nənəsi düz deyirdi. Atası demək olar ki, hər gün deyirdi bu iki sözü – Allah yoxdur…Hələ bir söhbət qızışanda araya şərt də qoyurdu. “Deyirsiniz var? Onda mən indi filan bir şeyi edəcəyəm, qoy O da elə indicə gəlib filan bir şeyi eləsin, sübut olsun ki, var…” Nənəsi belə vaxtlarda “zatına lənət!” deyərək durub söhbətin getdiyi yerdən uzaqlaşardı…
…Öz evlərinin yanından keçəndə canına vəlvələ düşdü. Atası qapının ağzında dayanmışdı. Uzun tut çubuğu da əlindəydi. Bu isə onun indicə kimisə döyəcəyi demək idi…
Qorxudan ürəyi əsdi. Atasının onun adını bütün məhəlləyə bağırmasıyla gödəkçəsinin altında gizlətdiyi “Tom Soyyerin macəraları”nın yerə düşməsi eyni anda baş verdi.
Dombagöz Maygülün nənəsi deyindi:
- Ay Zübeydə ana, əl boyda uşağa Quran vermisən? Saldı lehməyə ki!
- Yoox, Quran deyil. Ay bala, yenə təkyəyə kitab aparırsan? Qız deyilsən ey, adam biabır eləyənsən. Əlizadənin arvadı sənin yanında yalan olub..
Bu Əlizadə kim idisə, onun arvadı həmişə əlinə nə keçsə oxuyarmış, kitab oxumaqdan savayı heç bir iş görməzmiş deyə yazıq kişinin adı çıxmışdı. Nənəsinin də sevimli məsəlinə çevrilmişdi…
Kənddə heç kəsin nənəsi yazıb-oxumağı bacarmırdı. Onlar heç bunu istəmirdilər də. Bax, nənəsinin on uşağının hər birinin ali təsil alması da arvadı tərpətməmişdi, “Ərim yazıb-oxuyub, uşaqlarım yazıb-oxuyub, mənim nəyimə gərəkdir yazıb-oxumaq? Mən ildə bir dəfə Həzrət Abbasa bir ərizə yazmağa borcluyam, onu da pul verirəm, molla Nəbiəli yazıb göndərir…” deyirdi..Amma nənəsinin qadınlar haqda öz düşüncələri vardı. O, istəyirdi ki, qadınlar mütləq təhsil alsınlar, lakin bu, onların ev təsərrüfatını və kişini idarə etmələrinə mane olmamalıdır, yəni “evi-ailəni boş buraxıb kitabdan yapışan qadınla pyaniskəlik edən avara kişinin heç bir fərqi yoxdur..”.Qadının evi hər bir an qonaq gələcəkmiş kimi təmiz olmalı, qadının özü isə hər bir an qonaq gedəcəkmiş kimi gözəl və səliqəli görünməlidir…bir də qara corab, topuğa qədər uzun ətək geyinməməlidir qadın, bu gözəl görünmür…deyərdi nənəsi…

Atası küçəyə nə zaman çıxdı, onun qolundan nə zaman çəkib həyətlərinə saldı, əlindəki uzun tut çubuğuyla qıçlarına nə qədər vurdu…heç nəyi heç bir zaman kəsiyinə aid edə bilmədi…gah ona elə gəlirdi ki, bu, artıq bir əsrdir ki davam edir, gah da hər şeyin bircə ana sığışdığını düşündü…
- Küçük! – atası bağırırdı, - İtin qarnından çıxan! Təkyəyə gedir, dindar olub mənim üçün! Sənə deməmişəm Allah yoxdur?
Qoca nənələr ah-vayla onun halına acıdılar. Nənəsi deyindi;
- Ay imansız! O körpəni niyə vurursan? Allahdan qorxmursan?
- İndi milis dəstəsi gəlib o alverçinin evini basanda görüm Allahınız neyləyəcək! – dedi atası və onu itələyib vura-vura evə saldı…
Heç sevmirdi öz evlərini…
Atası çox əzazil bir divi xatırladırdı ona…Anasını dərin quyuya salıb saçından asan, əzab verən bir divi…
Bir dəfə axsaq Nəzakətgilə bir qohumları gəlmişdi. Həmin qohumun elə onlar yaşda olan qızları demişdi ki, onun atasıyla anası bir-birindən ayrılıblar. Belə bir şeyin mümkün olmasına sevinmiş, o gündən də arzulamışdı ki, onun da atasıyla anası bir-birindən ayrılsınlar…təsəvvür edəndə ki, o, anasıyla tək yaşayır, atası yanlarında yoxdu, onlara əmr edən, incidən, onları hər yerdən, hər şeydən, hər kəsdən ayırıb əsir kimi özü üçün işlədən biri yoxdu…ürəyinə xoş bir rahatlıq dolurdu…

Amma milis dəstəsi barədə atası haqlı danışmışdı.
Hər aşura gecəsində olurdu belə hadisə. Dəstə-dəstə əli ələmli “Hüseyn vay!” qışqıraraq küçələrə axışanları hökumət adamları izləyir, milislər hər dəfə bu dəstələri dağıdaraq kənd cavanlarını tutub həbs edirdilər. Amma hökumət adamlarının da, milislərin də qoca nənələri və balaca qızları bu təkyələrdə, bu dəstələrin arasında olurdular…
Bu ətrafa böyüklük edən Molotovski kimi tanınan bir nəhəng və keçəl rus vardı ki, kəndin hökumət işində işləyənləri onu məhz Aşura gecələrində aparıb yaxşıca yedirib-içirərdilər…O da kababdan yeyib, araqdan içib elə dindar dəstələri izlədiyi qara “Villis”in içindəcə səhərə kimi xort düşüb yatardı…Sadəcə “hökumət gözünə” kəndin onsuz da xuliqanlıqda ad çıxaran cavanlarından bir-ikisini tutub aparır, səhər izahat yazdırıb kimini buraxar, kimini də kənddə bir az rahatlıq və sakitlik olsun deyə 15 günlük həbs edərdilər…
Kəndin gizli bir təkyəsi də vardı ki, onu elə bu kəndin hökumət işində işləyənləri tikdirmişdilər. Bu birmərtəbəli uzun daş bina qəbristanlığın içində yerləşirdi. Buranı kənddə yas olarsa, hərə öz həyətində deyil, küçədə deyil, gedib orda məclis qursun bəhanəsiylə tikmişdilər. Əslində isə hamıya məlum idi ki, bura kəndin gizli məscididir. Məscidə daxil olmaq üçün köhnə-təzə qəbirlərin arasından keçmək lazım gəlirdi və təkyələr adətən axşamdan başlayıb gecədən keçəndən sonra bitdiyindən təzə qəbirlərə ilişənlərin, köhnə qəbirlərə yıxılanların çığırtısı-bağırtısı bu qəbristanlıqdan heç əksik olmazdı. Məscidin özü isə tən ortaya, üzü ümumi qapıya qoyulmuş qəhvəyi rəngdə minbərlə qadınlar və kişilər üçün ikiyə ayrılmışdı. Minbərin sağ tərəfində qoca kişilər və oğlan uşaqları, solunda isə qoca nənələr və balaca qızlar oturub sinələrinə, ya da dizlərinə döyərək mərsiyyələrin nəqarətlərini oxuyur, gah da onları kişilərə və qadınlara ayıran qəhvəyi minbərin üstündə şəstlə oturub buxara papağından belə zəhm yağdıran, təsbeh çevirməyindən belə vahimə səpən, qoca nənələrin dediklərinə istinad etsək, “gözlərindən həmişə tülkülük yağan” Nəqşibənd adlı bir axund oturardı. Nəqşibənd bu kəndin mollası deyildi, onu pulla başqa bir rayondan gətirirdilər ki, məhərrəm təkyələrinə böyüklük eləsin. Nənələr deyərdilər ki, onun çox güclü qələmi var, bir dəfə birinə bir cadu yazdımı, həmin adamı daha fələk də gəlsə fəlakətdən qurtara bilməz. Ya da bir kimsəyə dua yazarsa, həmin adama daha zaval olmayacaq…
Nəqşibənd deyərdi ki, insan hamamda çimib qusul vermək istəsə, gərək öncə bədəninin hər bir nöqtəsini ağ pambıqla sürtüb yoxlasın, görsün pambığa ləkə düşürmü? Düşərsə, bir də çimməlidir…Kəndin mollasının bir qadınla bir kişinin nə zaman zina etmiş olduqları barədə sualına Nəqşibənd axund belə cavab vermişdi:
-Əgər bir zənən bir kişi xeylağıyla bir yerdədirsə, hətta onlar bir yataqda belə yanbayan uzanmış olsalar, bu hələ zina sayılmır…ta ki, onların arasından iti bir qılınc keçə bilməyincə. Əgər zənənlə kişinin bədənlərinin arasından onların heç birisinə zərər yetirmədən qılınc keçirmək mümkündürsə, demək onlar zina etmiş sayılmırlar.
Elə həmin andaca o, burdakı bütün qoca kişiləri və bütün qoca nənələri iki-iki yataqlara uzanmış təsəvvür eləmişdi və Nəqşibəndin bir iti qılıncla gəlib onların zina edib-etməməklərini yoxlamasını gözünün qabağına gətirmişdi ki, nənəsinin əyilib qulağına pıçıldaması bütün fantaziyasını dağıtmışdı:
-Burda çay içməyə də adam qorxur…Qabların üstündə qarışqalar gəzir, hamısı da qəbirlərdə ölülüəri yeyən…çay içmə burda, indi gedib Şamamanın təkyəsində içərik…
Canına xof dolmuşdu…Ölülər…Axı onlar da nə zamansa onun kimi, nənəsi kimi, burdakı hər kəs kimi, lap elə paxıl və axsaq Nəzakət kimi diri olublar, danışıblar, yemək yeyiblər, gülüblər…indisə yerin altında bükülüb uzanıblar, qarışqalar da onları yeyir…nənələr deyirdilər ki, İnkir və Minkir adlı iki qorxunc məxluq da gəlib qəbirdə ölüləri oyadır, onlardan kəlmeyi-şəhadəti, namazı soruşurlar, həm də qızlar və qadınlar həmişə boynu muncuqlu gəzməlidirlər. Sağlığında boynunda muncuq olmayanların boğazına qəbirdə ilanlar dolaşır…
Atasının, anasının, sinif yoldaşlarının, sevimli rus dili müəlliməsinin, əmisinin və ətrafında olan hər kəsin bir gün mütləq öləcəklərinə inandığı gün dəhşətli bir hiss yaşamışdı…bir neçə gün xəlvətə çəkilib ağlamış, yeməkdən-içməkdən olmuşdu. Yalnız nənəsinin “Niyə heç nə yemirsən? Ölmək istəyirsən?” sualından sonra ayılmışdı ki, axı onun özü də hamı kimi ölümlüdür, o özü də bir gün ölməli olacaq və onun ən yaxın, ən doğma adamları onu da büküb torpağa soxuşduracaq, üstünə daş qoyub gedəcəklər özləri üçün yaşamağa…ta ki özləri də ölüb basdırılana qədər…Və onun boynuna ilan dolaşacaq, çünki məktəbdə muncuq taxmağa qoymurlar, qırmızı pioner qalstuku bağladırlar…onun da gözlərini, burnunu, ağzını…qarışqalar yeyəcək…

*** *** ***

Anası onu atasının əlindən almadı.Heç gözünün ucuyla da baxmadı onun döyülməsinə. Elə baxmasa yaxşıydı. Çünki anasının bircə kəlməsi bəs edərdi ki, bu evdə səhərədək qırğın olsun, daha doğrusu, atası deyinsin, anası da ağlayıb özünü öldürsün…Nə yaxşı anası üzünü o tərəfə çevirib atasının şalvarını ütüləyirdi, nə yaxşı…
Gecə səhərədək küçədən “Hüseyn vay!” qışqırıqları, onunsa qıçlarından ağrı çəkilmədi…
Yata da bilmirdi…eləcə üzünü evin tavanına dikib qalmışdı…
Atasıyla anası onun yatdığını zənn edərək yenə də yataqlarında boğuşur, mırıldanır, çarpayını aramsız cırıldadırdılar…Qəribə bir hiss vardı içində…Atasıyla anasını hər dəfə belə görəndə nə baş verdiyini anlamasa belə ürəyindən fasiləsiz olaraq tüpürmək, əllərini, üzünü yumaq, həyətə qaçıb təmiz havayla nəfəs almaq istəyərdi…Və bir də heç bir zaman ərə getməyəcəyinə and içərdi belə gecələrdə…Çünki atasının məhz gecənin bu vaxtlarında anasına fısıldadığı “səninçin ölürəm…” sözləri elə bu gecənin səhəri açılan kimi də “səni öldürərəm!” bağırtısına çevrilə bilərdi…Rəfiqələrindən soruşmuşdu…Onların da evlərində eynilə belə olurdu…Demək, ərə getmək, qadın olmaq bu imiş, bir kişinin gecə fısıltılarına və səhər bağrtılarına dözmək…dözmək…dözmək…
Nənəsi deyərdi ki, Allahın heç vaxt ərə getməyən qızlardan daha çox xoşu gəlir, onlar ərə getmədən ölərlərsə, onda kəbinləri Allaha kəsilmiş olur…birbaşa cənnətə düşüb ən gözəl bir axirət həyatı yaşayırlar…
Nənəsi bunları rus rəfiqələrindən öyrənmişdi, yəni paltar biçib-tikmək kimi, alt tumanı geyinmək kimi şeylər ruslardan gəlmə idi, eləcə də, nənəsinin hərdən oxuduğu :”u samovara ya i moya Maşa…” mahnısı…
O andaca kəndin qarıyıb evdə qalmış qızlarını gözləri önünə gətirər, bu qədər eybəcər, diliacı, həyasız və deyingən qızları almayan oğlanların aqibətinə nə qədər sevinərdisə, onların öləndən sonra kəbinli əri olacaq Allaha bir o qədər ürəyi yanırdı…
Yox, nə olursa olsun. O, heç bir vaxt ərə getməyəcəkdi…Qoy o da ərə getmədən ölsün, nə olar ki Allahın heç olmasa bircə dənə qəşəng arvadı olanda? Dünya dağılacaq bəyəm?
Gecə keçir, küçədə dəstə-dəstə əli ələmli adamlar “Hüseyn vay!” qışqırır, atasıyla anası yataqda fısıldaşır, mırıldanır, inildəyir, onunsa tavana dikilmiş gözlərini kiminsə zərif, yumşaq, ilıq, doğma əli sakitcə örtür, ruhunu alıb harasa uzaqlara, əllərini, üzünü yuya biləcəyi çayların sahillərinə, təmiz havayla nəfəs ala biləcəyi çöllərə, çəmənliklərə aparırdı…

Səhər nənəsi onlara gəldi :
- Hanı o imansız? Hökuməət adamı olub mənimçün, atası bolşevik oldu, anamın o ağırlığında ocağını bağlatdırdı, bu da nəvəmi allahsız böyütmək istəyir! Utanmır, getsin o idarədə oynaşdığı at Məryəmin dərdini çəksin! Aləmə yayıb ki, onun arvadıdır. Ay qız, arvad deyilsən sən? Yığ daa bunun ipini!
Anası başını aşağı salıb nehrəsini çalxalamaqdaydı:
- Ay Zübeydə ana, mən neyləyə bilərəm axı…
- Oda düşmüsən ey, bala, oda, - nənəsi dizinə vurub ufuldadı.

Həyəti ələk- vələk eləsə də dünən atası onu döyəndə salıb itirdiyi kitabı tapa bilmədi. Dəqiq yadındaydı ki, atasının bağırtısından sonra küçədə saldığı kitabı qaldırıb təzədən gödəkçəsinin altına soxuşdurmuşdu, amma sonra harda düşmüşdü bu kitab, xatırlamırdı.
Nənəsi onu yenə də öz evinə apardı. Burda da əmisi üstünə şığıyıb hörüklərini yoluşdurdu ki, harda ölmüşdün, məhəllənin uşaqları bağda mer-meyvə qalmayıb, hamısını yığıb aparıblar…
-Ay əliniz qurusun sizin, oğul doğmamışam ey, bir dəstə nemes doğmuşam, a bala , nə istəyirsiz bu uşaqdan axı?…
- Nə istəyirəm? Adam olsun! Nə istəyərəm ki?
- Adam olmasıyçın vurursan, ay eşşək?!

Nənəsi onu otağına aparıb saçlarını darayaraq təzədən hördü:
- Ağlama, - deyirdi, - ağlasan, Allah onu incidəcək. O, bilmədi ki, sən belə ağrıyarsan, yoxsa vurmazdı səni…

Necə yəni bilsəydi ağrıyacaq vurmazdı? Bəs niyə vurur ki? Bir insan başqa bir insanı niyə vurmalıdır axı? Həm də bunu həmişə böyüklər edirlər. Onlar özlərinin güclü olub-olmadıqlarını yoxlayırlar sanki. Bir şey ürəklərincə olmayan kimi özlərindən gücsüzləri incitmək, ağrıtmaq istəyirlər. Əgər əmisi doğrudan da bilmirdisə saçından dartaraq şillə vurmağı onu bu qədər ağrıdıb, eybi yox, onu bağışlayar, ağlamaz, çünki nənəsi onu inandırıb ki, kimsə səni incidərsə, ağlasan, həmin adama cəza gələcək, o da mütləq ağrıyacaq nəyə görəsə…
Bəs necə etməli, necə etməli ki, özündən zəifi incidən adam bu zəifin nə qədər ağrıya biləcəyini qabaqcadan hiss edə bilsin? Bəlkə elə bir şey fikirləşmək lazımdı ki, məsələn, əmisi onu vuranda onunla bərabər, eyni bir vaxtda eyni bir ağrını yaşasın? Elə həmin andaca öz üzünü tutub ufuldasın, bağırsın, hətta yerə yıxılsın…niyə Allah bunu eləmir, niyə?..

*** *** ***

Axşam nənəsigilin evinin qabağındakı nəhəng tut ağacından asılmış yelləncəkdə yellənir, hərdən-hərdən tutun budaqları arasından görünüb-itən ulduzlara gülümsəyir, üzünə, saçlarına toxunub sivişən küləyin təmasından xumarlanır, özünü uçurmuş kimi hiss edirdi və sanki bu anlarda yer üzündə ondan, küləkdən, ulduzlardan və duyduğu uçuş həzzindən başqa heç nə yox idi…
Amma yox…nənəsi eyvanda göyərti doğrayır, əmisiylə qonşu Nadir müəllim isə həyətdə oturub uçan boşqablar, başqa planetdən gələnlər haqda söhbət edir, çay içirdilər. Əmisinin əlində bir jurnal vardı.
- Bax, kod budu, - deyirdi əmisi, - bu kişini götürüb aparıblar, üstündə eksperimentlər eliyib qaytarıblar evinə. Amma Yerə qaytaranda onunla əlaqə saxlamaq üçün bu kodu veriblər. Deyiblər bunu üç dəfə əzbərdən desən, səninlə kontakta girəcəyik. Kişi də bunu jurnala verib hamıya yayıb ki, hamı onlarla əlaqə yarada bilsin.
- Sən oxumusan onu?
- Mən? Oxumuşam e, amma bir dəfə səhər, bir dəfə də axşam…Gərək bunu üç dəfə ard-arda deyəsən. Belə, birtəhər olurey adam onu oxuyanda, adama xof gəlir nəsə…
- Deyirlər onlar adamlarla əlaqəyə girməkçin nə cildə desən girə bilirlər. Bir də gördün ən yaxın bir adamının sifətində göründülər, dedilər dur gedək filan yerə, sən də gedirsən, bilmirsən haa bu sənin yaxının döyül, tarelkadangələndi…
- Sən adam sifətində gəlməklərini bir yana qoy hələ, mən oxumuşam ki, onlar heyvanat kimi də gəlirlər, hətta ən çox da həşəratlar kimi gəlirlər, hörümçək, nə bilim, tarakan, milçək…
Birdən əmisi ona tərəf döndü:
- Bəsdir gecə vaxtı yelləncəkdə yelləndin. Gəl sənə bir şey öyrədim. Ölmürsən oxumaqçın? Elə əsl sənin malındı.
Əmisi həmişə onu kitab oxuyan görəndə döyüb qovar, kitabı alıb bir qırağa atardı. İndi nə olmuşdu? Adam birdən-birə niyə belə yaxşılaşmağa başlamışdı görəsən?
Ulduzlardan, küləkdən və uçmaq həzzindən qopmaq ağır olsa da, əmisinin zəhmi və hökmü daha ağır idi və hələ üstəlik də oxumağa maraqlı nəsə vardı deyə yelləncəkdən düşüb stola yaxınlaşdı. Əmisi jurnalı ona tərəf sürüşdürüb barmağıyla səhifənin tən ortasındakı sətirləri göstərdi:
- Gəl bunu üç dəfə oxu. Üç dəfə ardıcıl olaraq oxu. Ucadan və dayanmadan. Bax bu sözləri.Səhv eləmə haa…
- Dibibi dibee kazajaj…iokoia lakak…
Uzun, anlaşılmaz bir yazını üç dəfə zor-güc oxutdurdular ona.
- İndi get, -dedi əmisi, - Hərdən göyə baxarsan. Bir avtobusdan- zaddan uçan gördün, bizə deyəsən.
Əmisi də güldü, qonşu Nadir müəllim də…

*** *** ***

Yanağında nəyinsə gəzdiyini hiss edib oyandı. Əlini üzünə çəkəndə isə çağrılmayan qonağın çırcırama olduğunu başa düşüb qışqırdı:
-Nənə, ay nənəə!
Nənəsi hay vermədi. Qaranlıqda nənəsinin harda olduğunu da görmədi.Həmişə belə olurdu. Qaranlıq otaqda yuxudan oyananda harda olduğunu. Qapı-pəncərənin hansı tərəfdə yerləşdiyini aydınlaşdıra bilmirdi. Neçə dəfə qorxudan durub guya çölə qaçmaq istəmiş, amma nə üçünsə qapı kimi gördüyü divaramı, şifonerəmi kəllə vurub sonra ayılmışdı.
- Nə bağırırsan? Gəliblər ujey? - əmisi öz otağının qapısı ağzından deyindi.
- Nənə hanı?
- Nənə gedib bazara. Armud aparıb.
Nənəsinin adətiydi, bir zənbil armud götürüb səhər açılmamış bazara aparar, avtobusdaca alverçilərə verər, aldığı pula da zənbili bazarda evə lazım olan nələrləsə doldurub ona da bir çəngə bamiyə və siqaret kimi uzun konfetlər alardı.
Əmisinin səsinə istiqamətlənib gözlərini ovuşdura-ovuşdura eyvana çıxdı.
- Get yat da, burda duracaqsan?-əmisi dedi.
- -Nənəni gözləyəcəm, -dedi.
- Hə, gözlə. Göyə də baxarsan, nəsə qəribə bir şey görsən, məni oyat haa…-əmisi otağının qapısını bağlayıb getdi yatmağa.

Açıq eyvandakı stulda oturub masaya söykəndi. Kaş oxumağa nəsə olaydı. Öz çantası, bəzi kitabları otaqda idi, amma ora girməyə qorxurdu. Cırcıramanın ayaqlarını yanağında hiss eləməsi bir elə də xoş deyildi. Səhərin açılmasına nə qədər qalmışdı, bilmirdi. Tərslikdən göy üzü də buludluydu, nə ay vardı, nə də ulduzlar.
Eyvandakı şkafın üstündən sallanan jurnal gözünə dəydi. Stulu şkafın yanına çəkib ehtiyatla üstünə çıxdı. Jurnalı götürüb yenidən masanın arxasına keçərək oturdu və vərəqləməyə başladı. Hər şey rusca yazılmışdı. Bir yerdə uzunboyun qara qızların şəkli vardı. Boğazlarına qızılı halqalar keçirmişdilər. O biri səhifədə isə alt dodağına nəlbəki boyda qızılı disk yerləşdirən qara qızlar vardı. Ahhaa…əmisinin ona göstərdiyi yazını da gördü. “Dibibi dibee kazajaj…” oxudu, oxudu, oxudu…göyə baxdı…nəhayət ki bir ulduz gördü…yenə oxudu, oxudu, oxudu…yenə göyə baxdı, iki ulduz da gördü…Sonra yenə oxudu, oxudu, oxudu…göyə baxdı, nəhəng Dan ulduzunu gördü. Sevindi. Nənəsi deyirdi ki, o doğulanda anası az qala ölübmüş, nənəsi isə bu ulduza zikr edərək Fatimeyi-Zəhradan kömək istəyirmiş. Elə onun adını da bu ulduzun şərəfinə Zöhrə qoyubmuş…

Bir azdan hava işıqlandı və nənəsi gəlib dolu zənbili eyvana qoydu:
- Burda neynirsən, a bala?
- Səni gözləyirdim…

*** *** ***

Məktəbdə keçirilən ingilis dili viktorinasında 4-cü yeri tutdu. Əslində bu elə 1-ci yer demək idi. Çünki ilk üç yeri tutanlar əslində dilləri topuq vura-vura , səhvi səhv dalınca yaza-yaza bu yerlərə layiq görüldülər. Bu üçlük onların atalarının vəzifə dərəcələrinə görə düzülmüşdü. 1-ci yeri sovxoz direktorunun qızı, ikinci yeri kənd soveti sədrinin qızı, üçüncü yeri də ki, məktəb direktorunun oğlu tutdular.
İngilis dili müəllimi ona “Dünyamız uşaq gözündə” adlı kitab hədiyyə elədi. Uçmağa qanadı yox idi.

*** *** ***

Nənəsigilin məhəlləsinə dönəndə bayaqdan bəri onunla yanaşı gedən oğlan soruşdu:
- Səni niyə döyürlər?
- Nə bilim? Hamını döyürlər də, - təəccüblə oğlana baxıb dedi.
- Hamını döymürlər. Bax, məni döymürlər.
- Bəlkə sən oğlansan, ona görə?
- Yoox, ona görə yox.
- Bəs niyə? Göydən düşmüsən bəyəm?
Oğlan yaşılımtıl-qonur gözlərini qıyıb ürəkdən güldü:
- Sən bəyəm göydən düşməmisən?
- Yox. Məni anam dünyaya gətirib.
- Hardan gətirib?
- Nə bilim? Gərək soruşam.
- Sən çatdın, - oğlan ayaq saxladı və o da qeyri-ixtiyari olaraq dayandı, - Sağ ol…Amma yağış yağanda gələcəyəm. Evin arxasına gələsən. Səni orda gözləyəcəyəm.
Cavab olaraq nə deyəcəyini bilmədi və nə yaxşı ki oğlan heç onun verə bilməyəcəyi cavabı gözləmədi də. Eləcə dönüb fit çala-çala getdi.
Başında qəhvəyi-boz şlyapa, əynində tünd göy rəngli qalın parçadan şalvar, jilet, açıq-bozumtul köynək vardı. Sarışındı, üzü çilliydi, burnu da bir azacıq dik idi…
Onu əvvəllər heç yerdə görməmişdi, nə məktəbdə, nə də məhəllədə.

*** *** ***

Yatmazdan qabaq eyvanda oturub viktorinada qazandığı kitabı oxuyurdu. Əmisi gəldi:
- Hələ aparmayıblar səni? O nədi oxuyursan? Yenə məndən oğurlamısan? Ver görüm…
Əmisi kitabı vərəqləyib içindəki yazını da oxudu:
- Ölərdin birinci yeri tutsaydın? Bir ingilis dili nəydi ki? Vot iz yu neym, may neym iz filankəs. Budu da…
Dinmədi.
Hələ indi yadına düşdü ki, dərsdən gələndə onu ötürən oğlanla məhz ingilis dilində danışırdı.

*** *** ***

Tərslikdən düz bir həftə yağış yağmadı.
Sonra bir gün…
İldırım çaxır, göy guruldayırdı. Dəhşət içərisində eyvandakı masanın altına girib gizlənmişdi. Nənəsi həyətdə yerə düşən doluları yığırdı:
- Dolu yeməyi uşaqlıqdan sevirəm, - deyərək nənəsi eyvana qalxdı və onlar nəlbəkidə balaca ağ noğullar kimi qalaqlanmış dolu dənələrini yeyə-yeyə yağışa tamaşa elədilər.
İldırım yox idi daha.
Həyətə düşüb evin arxasına getdi. Təndirxananın içindəki balaca kətili çəkib oturdu. Təndiri qalamaq üçün bir tərəfə yığılmış qəzetləri gözdən keçirdi. Televiziya proqramları olan səhifəni tapıb kətildə yerini rahatladı. Saçlarını əliylə darayıb ciddi görkəm aldı:
- Salam, əziz tamaşaçılar. Bugünkü verilişlərimizin proqramıyla tanış olun…
Ölürdü televiziya diktorları üçün. Düşünürdü ki, böyüyən kimi gedib televiziya diktoru olacaq, bütün adamlar onu tanıyıb sevəcəklər.

- Necəsən, Katrin?
Səsə döndü:
- Yaxşıyam, Tomas, - içində qəribə bir sevinc, ürəyində tanımadığı bu oğlana qarşı şirin bir doğmalıq hiss edirdi, - Niyə yağış gec yağdı?
- Gözləyirdin məni?
- Əlbəttə, axı sən mənim dostumsan, -dedi və dediyinə də təəccübləndi. Belə deməməliydi, onun tanıdığı özü yaşda qızların heç biri oğlanlarla dostluq eləmirdi, bilsələr ona o ki var güləcəkdilər, bir daha heç bir oyunlarına buraxmazdılar, onu hətta dindirib-danışdırmazdılar yəqin.
- Hə, Katrin, mən sənin dostunam, - oğlan baxışlarıyla onun əlindəki qəzetə işarə elədi, - sən diktor olmaq istəyirsən?
- Yox, müəllimə olacam…axı diktor olmağa atam icazə verməz?!
- Bəs kitabxanaya niyə getmirsən?
- Ordan götürdüyüm kitabı itirmişəm. Utanıram.
- Bəlkə qorxursan? Sən niyə hər şeydən qorxursan?
- Yox, hər şeydən qorxmuram.
- Necə yəni qorxmursan? Bəs bayaqdan masanın altına girib gizlənən kim idi? – oğlan yenə gözlərini qıyıb gülürdü, - sən hətta cığğılı bir cırcıramadan da qorxursan.
Qeyri-ixtiyari əlini üzünə apardı. O gecəki cırcıramadan sonra yanağı ilə gicgahının arasında qara-göyümtül üçbucağa bənzəyən bir ləkə tapılmışdı. Nənəsi deyirdi bu da hərdən-hərdən ayaqlarında tapılıb – itən mələk barmaq izlərindəndi, yəqin mələklər onu qorumağı qərara alıblar və bu cür tapılıb-itən ləkələr onların nişanələrindən başqa bir şey deyil.
- Niyə biz ingiliscə danışırıq?- bu anlarda ağlına yalnız bunu soruşmaq gəldi və :
- Sən buna əminsən? – deyib Tomas daha ürəkdən gülməyə başladı.

Nənəsi onu çağırdı.
- Gəlirəm, -dedi.
Dönüb baxanda Toması yerində görmədi. Küçədən fit səsi gəlirdi.

*** *** ***

- Eşitdim şeir yazırsan?!- əmisi onu çiyinlərindən basıb stula oturtdu, - düzdü bu?
- Hə, düzdü, - rəngi ağardı bir andaca.
- Dədən deyirdi. Bəxtəvər başımıza, günə çıxaracaqsan bizi!
Dinmədi.
Əmisi bir də əyilib onun çiyinlərini sıxaraq silkələdi və burnunun ucunda mırıldandı:
- Birdən göydə işıq görsən, divardan keçə bilən adam, ya gözlərindən işıq çıxan kimisə…mənə de haaaa!!!
Qorxudan dişləri bir-birinə dəydi.

*** *** ***

İndi hər gün yağış yağırdı və o, hər gün Tomasla görüşürdü.
Tomas ona kitablar göstərir, oxuyur, amma heç vaxt heç bir kitabı ona bircə günlük də olsa vermirdi. Gedəndə özü ilə aparırdı.
- Niyə mənə Katrin deyirsən? – soruşdu bir dəfə, - axı adım belə deyil?!
- Bəs sən niyə mənə Tomas deyirsən?- dedi oğlan və yenə də gözlərini qıyıb güldü.

Bir dəfə Tomas şlyapasını onun başına qoydu:
- Sənə bağışlayıram, -dedi.
Sonra jiletinin altından bir kitab çıxarıb verdi.
Bu, onun məscid - kitabxanadan aldığı “Tom Soyyerin macıraları “ idi, üz qabığını açıb baxanda kitabxanaçıların qeydlərini də görüb buna tam əmin oldu.
- Götür, aparıb qaytararsan, - dedi, - amma bax, heç vaxt kitablardan, kitabxanadan uzaq qalma, həmişə nəsə oxu, sən oxuyanda mən də onları oxumuş olaram, gördüyün hər şeyi mən də görmüş olaram…Yaxşı, gəl vidalaşaq, Katrin…Mənə bax, gözlərimə…
O, içində qəribə bir ağırlıq hiss elədi, əgər utanmasaydı bəlkə ağlayacaqdı hətta. Tomas isə gözlərini onun gözlərinə zilləyib sakitcə dayanmışdı. O, başının azca hərləndiyini, ayaqlarınınsa yerdən üzüldüyünü hiss elədi, bütün vücuduna axıb dolan rahatlığın, yüngüllüyün, indiyədək yalnız yelləncəkdə gecə vaxtlarında yelləndiyi vaxtlarda duyduğu uçmaq həzzinin hardan gəldiyini heç bir şübhəsiz anlayırdı. Tomasın gözlərindən axırdı bu rahatlıq və bu həzz….Yaşılımtıl bir işıq dolurdu gözlərinə və ətrafında sanki hər şey:
- Zöööhrəəəəəə…- deyə pıçıldayırdı…və o, hər dəfə məscid-kitabxananın qara minbərinin yanında eşitdiyi bu pıçıltıdan ilk dəfəydi ki qorxub qaçmırdı…

- Zöööhrəəəə! – nənəsi də çağırdı və Tomasın gözlərindən axan yaşılımtıl işıq da, pıçıltılar da bir andaca yoxa çıxdı.
- Salamat qal, - Tomas dedi.
- Sən hara gedirsən, Tomas? – soruşdu.
- Sənin üçün nə fərqi var? – gülümsünüb göz vurdu və dönüb yenə də fit çala –çala getdi.

Nənəsi yanına gəldi:
- Sən axı burda nə itirmisən? Hər gün gəlib dəli kimi öz-özünə danışırsan. Saçlarını kim yoluşdurub? Gəl hörüm saçlarını.
Əlini başına apardı. Şlyapa yox idi.

*** *** ***

Gecə səhərə qədər yatmadı.
Peçin qapısından döşəməyə süzülüb titrəyən qaz alovu işığında “Tom Soyyerin macəraları” nı oxudu.
Əmisi hərdən başını qapıdan içəri soxurdu:
- Oxuma da o zəhrimarı! Qoy qırağa, yat! Heç olmasa yuxuna gələrlər bəlkə…
Başını qaldırıb yorğun-yorğun əmisinin üzünə baxdı:
- Axı kim gəlməlidir? – soruşdu.
Gözlərindən ani qopan bir parça yaşılımtıl işıq əmisinin üzündə oynadı.
Əmisi:
- Aaaaa… – elədi və ağzı əyildi.
- Ay bala, nə istəyirsən bu uşaqdan axı, get yat daa, - nənəsi durub dəstəmaz almağa getdi.
Əmisi yerindəcə donub qalmışdı:
- O nəydi ana? Onun gözlərindən yaşıl işıq çıxdı.
- Ay bala, qazın işığıdı da, nə göz, nə yaşıl işıq? Dəli olma. Dedim axı sənə evlənmək lazımdı…
Nənəsi deyinə-deyinə eyvana çıxdı.
- Ana, axı mən gördüm! - əmisi çaşdığına inanmaq istəmirdi.
- Allahu Əkbər! – nənəsi onu itələyib çölə çıxartdı və namazına başladı.

Dizlərini qucaqlayıb oturmuşdu. Baxışları peçin qapısında oynaşan alov dillərində ilişib qalmışdı. Bayırda yenə yağış yağırdı. Ürəyindən dəli bir istək keçdi – evin arxasına qaçıb Toması görmək, onun bağışladığı şlyapanın yoxa çıxmasını demək istəyi. Amma yuxu onu aparmaqdaydı və ona elə gəldi ki, oturduğu yerdən qalxmağa belə halı qalmayıb. Başı hərlənməyə başlamışdı yenə və sanki bütün varlığıyla hansısa görünməz bir burulğanın içində itir, tapılır, yenə itir, yenə tapılırdı…Gecə vaxtı yelləncəkdə uçuş həzzini duyduğu kimi şirin idi bu itib- tapılmaq …
Kiminsə əlini öz əlinin üstündə hiss elədi. O qədər doğmaydı ki bu əl, xumarlanıb gözlərini yumdu. Kimsə yanağından öpdü, eynən cırcıramanın gəzdiyi yerdən və… ”Zööhrəəəə…” pıçıldadı. Gözlərini açdı. Yanında heç kim yox idi. Otağın o biri küncündə nənəsi namaz qılırdı.
Uzaqdan, hardansa fit səsi eşidilirdi.
Çöldə yağan yağışın səsi nənəsinin namaz pıçıltılarına qarışmışdı…

DEPRESSİYA

Hərdən
gecələrin soyuğuna
bürünüb də düşünürəm,
görəsən
sən
qadını
necə sevirsən?…

***
Yalan deyirdi.
Gözlərinin içinə qədər yalan danışırdı.
Gözlərinin içinə baxa-baxa aldadırdı onu.
Ağzında çeynədiyi, əlində qopartdığı, süfrədə üzünə baxan çörəyə də yalandan and içdi.

- O, mənə zəng eləmir , - dedi.
Onun başqa qadını olması fikrindən çox yalan danışması yandırırdı qadını. Axı bu yalanın mənası nəydi? Yalnız əlində olanları itirmək qorxusumu vadar edir insanı yalan danışmağa? Yox? Bəs nə? Nə?..
- Sənin menstruasiyan bitmədi?- pencəyini geyinə- geyinə soruşdu.
- Yox, -hələ var…-qadının canından keçən üşütmə qaşlarının arasında düyünlənib qaldı. İndi o, yalan danışırdı. Menstruasiyası dünən qurtarmışdı. Amma bir gün, iki gün onunla təmasda olmamaq xətrinə dedi bu yalanı. Razıydı ki, il boyu, hər gün xəstə olsun, təki onunla yaxınlıq etməsin. Razıydı ki, zöhrəvi xəstəliklərdən birinə yoluxsun, və kişisi də bunu bilsin, təki ona dəyməsin. Amma zöhrəvi xəstəlik də elə-belə havadan gəlib adama yapışmır ki? Bununçün də kiminləsə yatmaq lazımdı. Ən azı zöhrəvi xəstəliyi olan birisiylə bölüşmək lazımdı cinsi istəkləri.
Cinsi istəklərmi?
Hardan gəldi bu söz ağlına?
Məgər onun nə vaxtsa cinsi istəkləri oldumu?
Hər şey maraqdan başladı. Onunçün çox maraqlıydı yataqda bir qadının hiss edəcəkləri. İlk təmas, ilk yaxınlıq, sonra bal ayı, hamiləlik, doğuş…sonra yenə yaxınlıq, yenə hamiləlik, yenə doğuş…yenə yaxınlıq…nəsə itmişdi…nəsə yoxa çıxmışdı…amma nə? Çox düşünürdü bunu.Əslində ilk baxışdan baxanda heç nə dəyişməmişdi.Nə yaxınlıqlarının sayı azalmışdı, nə də ərinin çılğınlığı…Sadəcə nəsə itmişdi…amma nə axı?… Bir dəfə ərinin xorultusunu eşidəndə anladı hər şeyi. İtən, yoxa çıxan onların münasibətlərindəki ritm, harmoniya idi. Hələ heç vaxt biri digərinin yatmasını görməmişdi.Eyni anda yuxuya gedər, eyni anda oyanardılar. İndi isə yad, uzaq, tanış olmayan birisi hər gecə yatağına soxulub onunla ehtirasını söndürür, sonra bütün dünyaya səs salaraq xoruldayırdı…
Axı bu, hər zaman belə olub, lənət şeytana! Hər bir qadının həyatında baş verir bu. Öncə sən onun şahzadəsi olursan, sonra…elə ki, onu öz şahzadən saydın, hər şey dəyişir…sənə şəxsi gəlinciyi, sonra kənizi, lap axırda isə qulluqçusu kimi baxmağa başlayır…Əgər azacıq da olsa ağlın və daxili özünəhörmətin varsa, nəbadə onunla bir evdə bütöv bir ömrü yaşamağa qərar verəsən…Nəbadə! Bir gün hər şey sınır. Hər şey çilik-çilik olub ayaqlarının altına səpilir və sən qalan ömrünü gəncliyinin, gözəlliyinin, sevginin qırıntıları üzərində addımlayaraq , çox vaxt isə, haldan düşdün deyə dizin-dizin sürünərək yaşamalı olursan…
Budur, sən ona gözəl bir şam yeməyi hazırlayırsan, o isə artıq hansısa bir başqa qadının evində süfrəyə oturub…sən bunu ilk vaxtlar hiss etməyəcəksən. Yenə paltarlarının təmizliyinə, saçlarının səliqəsinə min-bir həvəslə baxıb evdən yola salacaq, yenə hər şeyi onunçün, məhz onunçün edəcəksən. Saçlarının düzümü də, əyninin paltarı da, bişirdiyin yeməklər də məhz onun istəyinə köklənəcək…Bir günsə fikir verəcəksən ki, işə gedərkən səni öpərək sağollaşmadı, sonra bir gün heç vaxt geyinmədiyi, hətta sevmədiyi bir tərzdə geyinməyə başlayacaq, sonra sənə indiyədək aldığı ətir belə dəyişəcək…və bir gecə qollarının arasında sevildiyini zənn edərkən qəfildən anlayacaqsan ki, sevilən, əzizlənən əslində sən deyilsən…kimsə başqasıdır onun xəyalında…sənə sarılsa belə fikrində özgə birisi var…və indi, bu yataqda baş verənlərin hamısı məhz o özgə birisi üçündür əslində…bunu hiss etməyə nə var axı…hər bir qadın duyur bu anı…hər bir qadın sınır bir gecə…
Və belə gecələr davam etdikcə hər şey soyumağa, hətta donmağa başlayır…Əvvəlcə xırda incikliklər, sonra bir-birini qıcıqlandırmalar, sonra sarkazm…aqressiya…və hər gün daha bir az souyqluq, hər gecə daha bir az sınmaq…Son sevişmələrində ərinin onu nə üçün boğmaq istədiyini heç cür anlaya bilmirdi. Əvvəl onun hərəkətinə təəccüblənmişdi, sonra isə özünün də bunu istəməyinə. Boğazını sıxan əlləri açıb özündən uzaqlaşdırmaq əvəzinə sadəcə gözlərini ona dikib qalmışdı. Bu, son idi…ölüm idi…onların münasibətlərinin sonu, onların birgə yaşaya bilmək ümidinin ölümü… Gicgahları boyunca süzülən göz yaşlarından başqa heç nə hiss eləmirdi. Nə zamansa sevdiyi, həyatını bağışladığı, indisə onu boğub öldürmək istəyən əllər bu sakit məğlubiyyətə dözməyib boşalmışdı. Və o, eyvana çıxıb siqareti siqaretə calayan ərinin dalınca qaçmışdı.
- Bilirəm başqa qadının var…Məni rahat buraxa bilərsən , -demişdi.
- Nə danışırsan sən?-əri dönüb küt nəzərlərlə ona baxmış və siqaretini çeynəməyə başlamışdı.
- Səncə biz üçümüz bir yataqda ola bilərik?
- Nə?
- Hə…üçümüz…mən, sən, bir də o…sənin yatdığın qadın…- təngnəfəs halda demişdi.
- Dəlisən sən! Ağlını çaşmısan lap!-əri çeynədiyi siqareti həyətə tullamışdı.
- Bəs bizim ikimizi necə, bir yataqda görmək istərdin? İki qadının seksini izləmək istərdin? Cavab ver…
- Nə danışırsan sən?
- Sənin bizimlə ayrı-ayrılığda yatmağınla bizim üçümüzün də birlikdə yatmağımızın heç bir fərqi yoxdur! Mən səndən iyrənirəm! Sənə qarşı bundan pis heç nə duya bilməzdim…
Ərinin ilk şapalağını da elə bu sözlərdən sonra qəbul etməli oldu.
- Sən gör neylədin! Məni nəyə məcbur elədin! Sən günahkarsan! Hər şey sənin axmaq istəklərin ucbatından məhv oldu.Axı sənə kim demişdi uşaq doğasan, kim?
Yerindəcə donub qalmışdı. Kişinin bağırtılarından oyanıb ağlaşan körpələrinin yanına belə tələsməmişdi. Uşaqlarını yer üzündə hər şeydən və hər kəsdən daha çox sevən bir kişinin indicə dediyi sözlərin dumanında itmişdi…
Nə olmuşdu?
Nə vaxt, hansı anda itirmişdi kişisini?
Hamilə vaxtlarındamı?
Uşaq əmizdirdiyi aylardamı?
Axı əri onun tərəfindən heç vaxt diqqətsiz, qayğısız qalmamışdı?! Hərdən zarafatla qarnını çırtmalayıb: “ey, balaca, sənə görə prostatit olub gedəcəyəm” deyərdi. Gülərdilər. Amma sən demə bu zarafatın arxasında doğrudan da onun cinsi tələbat problemləri və gedə bilmək həqiqəti gizlənibmiş. Doğrudanmı kimsə, hansısa bir başqa qadın onun qədər, hətta bəlkə ondan daha çox sevdirə bilmişdi özünü bu kişiyə? Axı əri həmişə deyərdi ki, “ səndən sonra kimisə sevmək mümkün ola bilməz. Sən bir kişinin bir dünya qadında axtardığı bütün cəhətləri özündə yığmısan. Sən hətta ölünü də dirildə bilərsən, xəbərin varmı?”
Xəbəri yox idi. Hər şeyin qaydasında olduğunu düşünürdü. Zatən bir qadının bir kişini xoşbəxt edə bilməsi üçün gərək olan hər şeyi bilirdi. Onunçün seks rəqs idi. Təbiətin bütün qüvvələrini duyub içindən keçmək idi. Millimetrinədək, saniyəsinədək dəqiq və simmetrik bir harmoniya idi…Əslində özünü bədəni, ruhu, hissləri, sevgisiylə bir TAM olaraq təslim etmək istərdi . Bu isə mümkün deyildi. Kişilərə bədən gərəkdi. Bəziləri sevgini də dəyərləndirir, hətta elələri də var ki, ruhi bir həzz duymaq istər bundan. Lakin əfsus…Hələ bu dünyada TAM bir qadın istəyən kişi olmayıb, olmayacaq da. Onlar TAM olmanın nə olduğunu belə anlamazlar. Elə buna görə də qadınları daim tapdaq altında görmək istərlər. Yuxarıdan aşağı bir baxış, bir həmlə və bir yırtıcı ehtiras daha asan və əlverişlidir. Öz xəyanətində belə başqasına dəyişdiyi qadını təqsirləndirmək qədər miskin bir düşüncə tərzi kişilərdən başqa kimə məxsus ola bilər ki?..
Süfrəni yığışdırıb qabları yudu. Bu dəfə qablarını əzizləmədi, krandan axan suyu sevmədi, radiodan gələn musiqini eşitmədi…Hər şey sönmüşdü.
Bilirdi bu nə deməkdi.
Depressiya…
Onun tənha rəfiqəsi təşrif buyurmuşdu.
İndicə çay süzüb birlikdə oturacaq, evdə olan bütün şirniyyatları masanın üstünə səpib partlayana qədər yeyəcək, üstündən acı və qara çay içəcəklər. Həyatın acılıqlarını şirniyyatla ört-basdır edib üstündən acı və qara çay içmək də qadın uydurmasıdır. Özünü aldatmaqdan gözəl nə var ki?..
Sonra rəfiqəsi Depressiya təklif edəcək ki, naharı başından eləsin. Elə-belə, tez və asan başa gələn bir yemək hazırlasın ki, əri evə gələndə qabağına qoya bilsin.
Sonra yuyulacaq paltarları birlikdə maşına soxuşdurub düyməsini basacaqlar.
Həə…indi əsas əyləncə başlanacaq. Cumacaqlar yataq otağına. Uşaqların başı yan otaqda televizordakı cizgi filminə qarışmışkən burda doyunca əylənmək olar. Sadəcə saçlarındakı sancaqları açıb kənara tullayacaq və çarpayının üstünə sərələnəcəklər. Depressiya və o…Tavana dikəcəklər gözlərini. Depressiyanın gözəl nitq qabiliyyəti var.O, hər dəfə çox maraqlı bir mövzu tapıb danışmağa başlayır və onun gözəl səsi titrək bir nəfəs kimi ruh oxşayır…Məsələn, o, Amerikanın İraqdakı siyasətindən elə şeylər danışıb adamın başını xarab edər ki, bu söhbətdən sonra hər dəfə televiziya xəbərlərini izləyib daha neçə partlayışın baş verməsini, nə qədər insanın məhv olmasını, neçə uşağın parçalandığını görməyə tələsər, özünü o qədər itirər ki, xəbərlər başlarkən evin hansı tərəfində olsa belə televizora can atar, nəyə ilişdiyinin, ayaqlarında, qollarında neçə göy ləkənin tapılmasının belə fərqində olmaz…Və bu hal Depressiyanın növbəti gəlişinə qədər davam edəcək…Ya da elə son gəlişində danışdıqları…Ərinin telefonundakı qadın şəklindən, o qadının nə üçün məhz uzanmış və döşlərini bu şəkli çəkənin gözünə soxmaq istəyirmiş kimi qabardıb vulqar bir təbəssümlə gülümsəməsindən yorulmaq bilmədən danışdı. O isə dəli olmuşdu bu söhbətdən sonra. Öz gözləriylə görmüşdü bu şəkli, öz barmaqlarıyla düymələrə basıb ərinin telefonuna gələn sevgi mesajlarını oxumuşdu. Və dəqiq bilirdi ki, bu şəkli əri çəkib, bu gülümsəyən qadın da döşlərini məhz onun əriyçin qabardıb…Bu şəkil onların seksindən əvvəlmi çəkilmişdi, sonramı…nə fərqi vardı ki…Bir ay, düz bir ay boyunca Depressiyanın təsirindən qurtula bilmədi…ağladı, yuxusu qaçdı, ərindən iyrənib dəfələrlə rədd elədi…
Bu günsə…çox qəribə və sakit bir mövzu seçmişdi Depressiya…
Neçə illər bundan əvvəl, ilin bu günündə baş verənlərdən danışırdı…
- Yadına gəlirmi? Neçə il əvvəl, ilin elə bu günündə, elə bu saatında o, sənə baxırdı. O gözləri unutdunmu? Sən onun indi harda olduğunu bilirsənmi? İstəyirsən tapım səninçin?..
- Yoox…istəmirəm…Bəlkə heç sağ deyil?!.Onda daha pis olaram…
- Ah! Onun gözləri…səsi…səni necə də sevirdi…Əlindən tutduğu yadına gəlirmi?
- Hə…yadımdadır…barmaqlarım hələ də yanır..hər yadıma düşəndə…
- Sən daha heç kimi sevə bilmədin…
- Yox! Sevdim…-təlaşla söylədi.
- Yalan deyirsən.Mən səni sənin özündən daha yaxşı tanıyıram. Sən daha heç kimi sevə bilmədin, heç kimi…Ağla…sənin göz yaşların mənə güc verir. Mən sənin kədərindən gözəlləşirəm…Sənin tənhalığın məni o qədər xoşbəxt edir ki…
Ağlayırdı…
Bütün ruhuyla, bədəniylə, sevgisiylə təslim olurdu kədərə. Təbiətin bütün qüvvələrini duyub içindən keçirdi. Millimetrinədək, saniyəsinədək dəqiq və simmetrik bir harmoniyanın içində qıvrılırdı…Bu, bir rəqs idi…Saçları çarpayının üstünə səpələnmişdi, gözləri yumuluydu, əlləriylə çarpayının örtüyünü dartışdırır, ətrafında hər şeyi dağıtmaq, məhv etmək istəyirdi.
- Sən indi daha gözəlsən, -Depressiya pıçıldayırdı, səni belə sevirəm…belə görmək istəyirəm səni…ah…mən ölürəm xoşbəxtlikdən! Sən necə də gözəl ağlayırsan, sənin kədərin o qədər şirindir ki…Ağla, gözlərini açma…Sən indi Meduza Qorqonna kimisən…Saşların ilan kimi qıvrılır, gözlərinə baxsam, daşa dönərəm…ölərəm…Açma gözlərini…Açma…Ah…Mən səni heç vaxt tərk etməyəcəyəm…Sən mənim ən etibarlı rəfiqəmsən…Səni kimsəni sevməyəcək qədər sevirəm…
Telefon zəngi Depressiyanın sözlərini ağzında qoydu. Hər dəfəki dəli ümidlə qaçdı telefona. Heç vaxt gəlməyəcək, amma hər an gözlədiyi bir telefon zənginə ehtiyacı vardı. Kim edəcəkdi o zəngi, niyə edəcəkdi, bilmirdi. Amma gözləyirdi…
- Allo…
- Yemək hazırdı? – kişisi soruşdu.
- Sən gələnə hazır olar.
- Nəsə lazımdı?
- Çörək alasan…
Dəstəyi yerinə qoydu. Sonra yenidən götürüb qulağıyla çiyninin arasında sıxdı. Barmaqları düymələrin üzərində gəzdi. Hər hansı bir nömrəni yığmaq, hər hansı bir səs eşitmək, hər hansı bir insanla bölüşmək bu tənhalığı…Amma onun zəngi bu dünyada heç kəsə gərək deyildi. Tanıdığı və tanımadığı adamların heç birinə…
Cizgi filmi bitmişdi deyə uşaqların səs-küyü evi almışdı əlinə. Depressiya yox idi. Uşaqları sevmədiyindən həmişəki kimi yenə də sakitcə çıxıb getmişdi.
Körpələrini bir-bir qucaqlayıb öpdü. Sonra yedirtdi, içirtdi onları. Daha sonra bir yerdə nağılvari situasiyalar uydurub “ hərə öz fikrini bildirsin” oyununa başladılar. Qızı heç cür inanmaq istəmirdi ki, Qırmızıpapaqın adını dəyişib Sarıpapaq, ya da Yaşılpapaq qoymaq olmaz. Oğlu isə Hörümçək adam olmaq üçün onun sehrli meyvə çirəsi hazırlamasını istəyirdi.
Daha sonra kişisi gəldi. Yeməyini yeyib yatdı.
Uşaqların başı atalarının alıb gətirdiyi təzə oyuncaqlara qarışdı.
Çöldə yağış başlamışdı. Eyvanın pəncərələrini bağladı. Şüşənin arxasından qaranlıq və yağış boylanırdı. Sonra Depressiyanın solğun sifəti göründü. Pəncərəni tıqqıldatdı:
- Burax gəlim…
- Get…mən tək qalmaq istəyirəm.
- Axı islanmışam, sən necə rəfiqəsən? Görmürsən xəstələnə bilərəm?
- Dedim axı, mən tək qalmaq istəyirəm.
- Mən səni ağladardım, ürəyin rahatlanardı…
- İstəmirəm… Get…
Yağış Depressiyanın gözlərindən sel kimi axırdı. Onu bu halda içəri buraxmaq intiharla bitə bilərdi. O isə intihar etmək istəmirdi. Uşaqlarını başqa qadınların ümidinə qoymağı ağlına belə gətirmirdi. Heç anasına da etibar etməmişdi onları, nəinki uşaq bağçasına, ya bir rəfiqəyə. İllah da Depressiya kimi rəfiqə ola…
Uşaqların hərəsi bir yanda yorulub yatmışdı. Onları soyundurub yataqlarına apardı.
Öz yuxusu da gözlərindən tökülürdü.
Soyunub yatağının içində oturdu.
Körpələrinin nəfəsi ruhunu sakitləşdirirdi.
Gecə dualarını pıçıldadı:
- Tanrım…Bizi ağır heç nə ilə sınama…bilirsən zəifik…bizi bağışla…bütün günahlarımız üçün əhv istəyirəm səndən…və bizə etibar etdiyin bu mələkləri qoru…
- Ey! Yatmısan?- kişisi yan otaqdan səsləndi.
- Hə, -dedi.
- Çox yatacaqsan uşaqların otağında?
- . . .
- Gəlmirsən bura?
- Yox…
- Mən gəlim?..
- Yox.
- Niyə?
- Dedim axı xəstəyəm…
- Həə…
Daha heç biri heç nə demədi.
Bir azdan kişisinin xorultusu aləmi götürdü başına. O isə qaçmış yuxusunu axtarmaq üçün durub dəli kimi otaqları gəzməyə başladı. Yağış hələ də kəsməmişdi. Eyvanın pəncərəsinə yaxınlaşdı. Əllərinin içiylə, dodaqlarıyla pəncərə şüşəsinin soyuğuna sığındı. Həyətdə qaranlıq və yağış vardı. Özgə heç nə. Depressiyanı çağırdı:
- Hardasan? Gəl…gəl bura. Səni istəyirəm. Sənə o qədər ehtiyacım var ki…
Depressiya yox idi. Yəqin çox möhkəm incimişdi ondan.
- Gəl…gəl ondan danış…onun gözlərindən….Sən heç vaxt ondan danışmazdın, bu gün sənə nə olmuşdu, neçə il əvvələ aparmışdın məni…
Pıçıltıları şüşəni dəlib keçə bilmirdi:
- Mən ağlayırdım…sən sevirsən mənim ağlamağımı. Gəl…Səninçin o qədər ağlayaram ki…Məni tək qoyma. De ki, mən sənə lazımam. De ki, mənsiz qala bilmirsən…Mən heç nə demərəm…söz verirəm…and içirəm ki, yalnız sənə qısılıb ağlayaram…özgə heç nə…
Yox, hər şey mənasız idi. Onun ən yaxın, ən vəfalı rəfiqəsi də küsüb getmişdi. Yalvarışlar da gərəksiz idi.:
- Mən bir də səninlə mübahisə etməyəcəyəm . Sən hər şeydə haqlısan…sən düz deyirdin…mən ondan sonra heç kimi sevə bilmədim…heç kimi…Bax, görürsən, ağlayıram…hər şey gözəldir…bu kədər, bu tənhalıq…Gəl…
- Gəl! – kişisi onun çiyinlərindən yapışıb otağa itələdi.
- Yoox…- dəhşətlə pıçıldadı, - mən xəstəyəm…
- Kəs səsini! – kişisi bağırdı və o, şapalağın zərbəsinə tab gətirməyib döşəməyə düşdü…

15 Aralık 2007 Cumartesi

Striptiz...

Mən
bayağı mahnılara
soyunmaq istəmirəm
mənimçin
bir
Füzuli kantatası səsləndirin...
işıqlar sönsün,
bax, belə...
indisə
projektoru salın işə
bircə mən görünüm
sarılım
səhnədəki dəmir ağaca
öncə dəmirağaclarını soyunum
sonra bütün Lənkəranı
yağışdan islanmış plaş kimi...
nənəmin
o dünyadan da
mənə zillənən nəzərlərini
atım üstümdən
Gəncə kələğayısı tək...
sonra anamın laylalarını soyunum,
sonra nağıllarını
çoxdandı
saçlarıma hörülmüşdü onlar
anamın
ər öpüşü görməyən
kəndçi barmaqlarıyla...
Ah...
saçlarıma ilişdi
bu laylalar, nağıllar.
qoparmaq çətin oldu...
amma
siz narahat olmayın
hər şey
hələ indi başlayır...

Məni candan usandırdı
atamın eqoist hökmranlığı
allahlıq iddiası,
soyunum, atım
əynimə dar olan
sintetik jaket kimi,
bir az
dərindən nəfəs ala bilim...

Fələklər yandı ahimdən...
ilk sevgimin
məktəb partalarına yazılmış
sirli hərflərini soyunum,
deyə bilmədiyim,
eşidə bilmədiyim
"sevirəm" sözünü soyunum
ipək yaz donum kimi...
Üstündəki bənövşələr
hələ də solmaq bilmir,
yaman üzübərkdilər...

çıxarım
nişan üzüklərimi barmaqlarımdan,
necə çoxdular,
ayaq barmaqlarım da
azlıq elədi bunlara,
boynuma da taxılıb
it xaltası tək,
gətirin baltayla qırın!
Aparın atın onları
Araza, Kürə,
nə bilim, Nil çayına...
Amma...durun bir az...
onlardakı nifrətdən,
ağrıdan, göz yaşlarından
Axar sular bulanmazmı?..

Soyunum
üfüq boyu düzülən
arzularıma gedən addımlarımı
cındır ayaqqabılar tək,
tullayım,
itaparan olsun,
çıxarım
sevmədiyim evlərə
gəlin getməklərimi
ilmələri qaçmış
qara kapron corablar tək,
ayaqlarım sayalı olsun...
Həbibim, fəsli-güldür bu...
Çox seksi görünürəm, deyilmi?
Nə oldu?
Niyə ah çəkirsiz?
Can köynəyimə heyfiniz gəlir?
Onu çıxarıb atmayım?
Atmıram...
bu köynəyi
onu ən çox sevənə
əmanət saxlayacam
birgə almışdıq onu
Tanrının uşaq talkuçkasından...
nə isə...
qoy gözlərimi qurudum...
harda qalmışdıq?
Sevgilərimdə...
Ümidlərimdə...
Onların da
kürəyimə sancılan
qarmaqlarını dartıb açım
gipür büstqalter kimi
atım üstünüzə...
didin bir-birinizi
bir tikəsini əldə etməkçin...

Mənə tən eyləyən qafil
cahil və görməmişlər!
gözünüzü dikmisiz
əynimdəki son dünya malına
gözləyirsiz
ehtiraslarımı,
dişi ruhumu da
atım sizinçin,
didim-didim eləyəsiz?!.
Götürün...
təki gözününz doysun...
mənisə rahat buraxın
artıq
nə soyunmağa bir şeyim qaldı,
nə sizə bağışlamağa...
bircə vücudum - onu Yerçin soyunacam...
bir də ruhum - onu Göyə aparacam...

Ağlamayın
qoyun sizə bir də baxım,
qoyun sizi bir də sevim,
axı hələ
Şəbi-hicran yanar canım,
axı hələ
Tökər qan çeşmi-giryanım...

Nə oldu?
Hara gəlirsiz?
Rəqs etməyə?
Soyunmağa?
Ay dəlilər...
elə bilirsiz, sizdə də alınacaq...?